Aprel ayı olmasına baxmayaraq, Azərbaycanın bəzi ərazilərinə – Daşkəsən, Gədəbəy və Tovuza qar yağıb. Bu, xüsusilə kənd təsərrüfatında müəyyən problemlərin yaranması ehtimalını gündəmə gətirib. Bildirilir ki, vaxtsız qar səbəbindən əkilən məhsullar tələf ola bilər.
Yaz aylarında qar yağmasının hansı zərərləri var?
Planetinfo.az xəbər verir ki, bu barədə Globalinfo.az-a kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev danışıb. O deyib ki, şaxta məhsula ziyan vura bilər:
“Son 10 gün ərzində yağan yağışlar intensiv olsa da, davamlı xarakter daşımayıb. Yağıntılar 2-3 gün davam edib, daha sonra fasilələrlə müşahidə olunub. Bu isə əkin sahələrinə ümumilikdə müsbət təsir göstərib.
Lakin bu gündən etibarən yağışla yanaşı qarın yağması müəyyən risklər yarada bilər. Bitkilərin inkişafı konkret temperatur həddindən asılıdır. Məsələn, 10 dərəcə bioloji sıfır hesab olunur və bu, inkişafın minimum həddidir. Temperatur sıfıra yaxınlaşdıqda, xüsusilə bəzi ərazilərdə qarın yağması fonunda aşağı temperatur bitkilərə zərər vura bilər”.
Mütəxəssis bildirib ki, şaxta bitkilərin inkişafını ləngidir:
“Bu vəziyyət uzun müddət davam edərsə, çiçəklərin donması və mayalanma prosesinin pozulması kimi problemlər yarana bilər ki, bu da məhsuldarlıq üçün ciddi risk deməkdir. Lakin hazırkı mərhələdə məhsulun tamamilə məhv olacağını demək mümkün deyil. Elə olub ki, çiçəklərin üzərinə qar yağmasına baxmayaraq, mayalanma prosesi artıq başa çatdığı üçün nəticədə yaxşı məhsul əldə edilib. Ümumilikdə isə temperaturun düşməsi bitkilərin inkişafına mənfi təsir göstərir və bu da dolayısı ilə məhsuldarlıq riskini artırır.”