Sosial 5-12-2025, 09:36

Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əməkdaşlıq memorandumu imzalanıb

Dekabrın 4-də Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyası Gənclər Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Planetinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, sənəd gənclər arasında tərəfdaşlığın gücləndirilməsini və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.

Müqaviləyə əsasən, tərəflər bir sıra istiqamətlər üzrə birgə fəaliyyət göstərəcəklər.

Azərbaycanlı və gürcü gənclər üçün təhsil və bacarıqların inkişafına yönəlmiş imkanların yaradılması, mübadilə proqramlarının təşkili, həmçinin birgə konfransların, layihələrin və gənclər tədbirlərinin keçirilməsi, gənclər üçün təhsil və peşəkar inkişaf proqramlarının, idman menecmenti, mədəni layihələr və könüllülük fəaliyyətlərinin təşviqi məsələləri də sənəddə öz əksini tapıb.

Bildirilib ki, təcrübə və ideya mübadiləsinin davamlı şəkildə aparılması gələcəkdə ortaq məqsədlərə əsaslanan yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaradacaq.

Memorandumu “Gürcü Arzusu” Gənclər Təşkilatının sədri Giorgi Çakvetadze və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov imzalayıblar.

Xəbər lenti