Ailə münasibətlərində bəzən həyat yoldaşları müxtəlif səbəblərdən faktiki olaraq ayrı yaşayırlar. Cütlük rəsmi nikahda qalsa da, qadının ata evinə köçməsi, tərəflərin bir evdə yaşamaması və ailə münasibətlərinin pozulması hallarında ən çox ortaya çıxan suallardan biri alimentin tələb olunması ilə bağlıdır. Xüsusən də rəsmi boşanma qərarı olmadan uşağın saxlanması üçün alimentin tutulub-tutula bilməməsi mövzusu praktikada geniş müzakirə edilir. Bəs görəsən rəsmi boşanma olmadan aliment tələbi doğrudurmu və bu qanunvericilikdə öz əksini necə tapıb?
Hüquqşünas Əli İbrahimov
Planetinfo.az-a məsələ ilə bağlı danışarkən deyib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi aliment münasibətlərini tənzimləyən əsas normativ-hüquqi aktdır:
“Qanunvericiliyə görə, valideynlərin aliment ödəmək öhdəliyi yalnız boşanma faktından deyil, uşağın saxlanması ehtiyacından irəli gəlir. Yəni valideynlər nikahda olsalar belə, hər bir valideyn öz uşağının maddi təminatında bərabər iştirak etməyə borcludur. Bu öhdəlik Ailə Məcəlləsində təsbit olunmuş əsas prinsipdir. Valideynlərdən biri bu öhdəliyi yerinə yetirmədikdə və ya yetərincə təmin etmədikdə digər valideyn aliment tələb edə bilər. Burada əsas məsələ alimentin necə tələb olunmasıdır”.
Hüquqşünas bildirib ki, qanunvericiliyə görə aliment yalnız iki qaydada müəyyən edilə bilər:
“Tərəflərin notarial qaydada təsdiqlənmiş aliment müqaviləsi ilə və ya məhkəmə qərarı ilə. Bu isə o deməkdir ki, tərəflər arasında könüllü anlaşma olmayan hallarda alimentin məcburi qaydada tutulması yalnız məhkəmənin qətnaməsi və ya məhkəmə əmri əsasında mümkündür. Heç bir dövlət orqanı, nə polis, nə icra məmuru, nə də digər qurum məhkəmə qərarı olmadan alimenti məcburi şəkildə tuta bilməz. Bu, hüquq sisteminin əsas prinsipidir və Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsində də dəfələrlə vurğulanıb”.
Anar