Sosial 8-12-2025, 18:32

"Atalar məktəbi" layihəsinə start verilib

"Atalar məktəbi" layihəsinə start verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Atalar məktəbi” layihəsinin icrasına başlanıb.

Layihə ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, eləcə də atalarda məsuliyyətli valideynlik bacarıqlarının formalaşdırılması məqsədi daşıyır.

“Atalar məktəbi” layihəsi çərçivəsində ataların valideynlik prosesində iştirakının artırılması, ailədaxili münasibətlərin sağlam əsaslar üzərində qurulması, oğlan və qız uşaqlarının ailədə bərabər dəyərə malik fərdlər kimi qəbul edilməsinin təşviq olunması, eləcə də uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsi nəzərdə tutulur.

Sözügedən proqram çərçivəsində paytaxtın Sabunçu və Binəqədi rayonları, Sumqayıt, Gəncə, Lənkəran və Xırdalan şəhərləri, həmçinin Masallı, Cəlilabad, Tovuz və Şəmkir rayonlarında təlimlər və müzakirə sessiyalarının təşkili nəzərdə tutulub. Ümumilikdə 250 atanın layihəyə cəlb olunması planlaşdırılır.

Artıq Cəlilabad və Lənkəranda ilk tədbirlər keçirilib. Hər iki tədbirə, ümumilikdə, 50-dən çox iştirakçı cəlb olunub.

Xəbər lenti