Dünya 5-01-2026, 07:29

Ukrayna müharibənin nəticəsi dünyanın gələcək siyasi konfiqurasiyasını müəyyən edəcək



“ABŞ dövlətinin supergüc mahiyyəti dünyanın bir çox ölkəsində gedən prosesləri eyni anda idarə etmək gücündədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir sitatı vardı. O deyirdi ki, dünyanın bütün ölkələri ənənəvi qonşunlarından başqa bir də ABŞ-la qonşudur. Bunda böyük həqiqət var. Dünyanın bütün ölkələri ABŞ-dan çəkinir və onun reaksiyasını nəzərə alır”.

Bu fikirləri Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Venesuela hadisələrinin Ukrayna məsələsini arxa plana keçirə biləcəyi mümkünlüyündən danışarkən səsləndirib. O deyib ki, Venesuela hadisələri beynəlxalq hüququn pozulması kimi görünsə də, ilk belə hal deyildir:

“İraq və Liviya presidenti Venesuela hadisələrindən qat-qat beynəlxalq hüququn pozulması baxımından qanlı və qəbuledilməz idi.

ABŞ nə qədər də gərgin rejimdə işləsə də Ukrayna müharibəsi məsələsi davam etdikcə bütün digər proseslərdən öndə olacaq. Nə İranla İsrailin 12 günlük müharibəsi, nə bundan sonra baş verəcək yeni İran müharibəsi, nə də Venesuela prezidenti Maduronun öz ölkəsində həbs edilib ABŞ-a aparılması Ukrayna-Rusiya müharibəsi qədər geosiyasi xarakter daşımır. Bunlar qismən geosiyasi məna kəsb etsələr də daha çox regional xarakter daşıyır”.

Azər Qasımov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin mahiyyəti bütün dünya güclərinin maraq dairəsindədir:

“Bu müharibənin nəticəsi dünyanın gələcək siyasi konfiqurasiyasını müəyyən edəcək. Ona görə də ABŞ üçün Ukrayna məsələsinin həll edilməsi onun şərtləri ilə başa çatmasını özündə ehtiva edir. Odur ki, Ukrayna müharibəsinin ABŞ-ın gündəmindən düşməsi və arxa plana keçməsi mümkün deyil”.

Anar

Xəbər lenti