Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev "Telegram" kanalında regionda gərginliyi artıracaq kəskin bəyanatlarla çıxış edib. O, Rusiyanın qonşusu olan ölkələrin Avropa İttifaqına (Aİ) daxil olmasına qarşı daha tolerant yanaşmamağa çağırıb.
Planetinfo.az xəbər verir ki, Medvedyev Avropanın NATO daxilindəki ziddiyyətlər fonunda öz hərbi strukturunu yaratmaq planlarından bəhs edib.
Medvedyevin sözlərinə görə, Brüsseldəki "siyasi eybəcərlər" Aİ daxilində tamhüquqlu hərbi komponent yaratmağı ciddi şəkildə düşünürlər: "Aydındır ki, alyans daxilində İran kampaniyasının kəskinləşdirdiyi güclü ziddiyyətlər var. Bu, dünyanın mənzərəsini tamamilə dəyişir. Artıq Avropa İttifaqı sadəcə iqtisadi birlik deyil və o, çox sürətlə Rusiyaya qarşı düşmən kəsilmiş tamhüquqlu hərbi alyansa çevrilə bilər".
Rusiya rəsmisi vurğulayıb ki, mövcud şərait Moskvadan sərt addımlar tələb edir: "Nəyə işarə edirəm? Ona ki, qonşularımızın hərbi-iqtisadi Avropa İttifaqına üzv olmasına dözümlü yanaşmaqdan imtina etməyin vaxtı çatıb".
Medvedyev həmçinin Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla son danışıqlarındakı fikirlərini xatırladıb. O qeyd edib ki, Aİİ (Avrasiya İqtisadi İttifaqı) və Aİ üzvlüyü bir-biri ilə uzlaşmır.