Dünya 5-01-2026, 14:03

2026-cı ilin ilk siyasi sürprizi

2026-cı ilin ilk siyasi sürprizi
ABŞ hərbçilərinin Venesuela prezidenti Nikolas Maduronu öz yataq otağında həbs etməsi 2026-cı ilin ilk siyasi sürprizi oldu. Təbii ki, ABŞ-ın başqa müstəqil bir dövlətin prezidentini silahlı yolla qaçırması beynəlxalq hüququn pozulmasıdır və ümumilikdə bu hadisə arzulanan, normal qarşılanan hal deyil. Belə təhlükəli presedentlərin gələcəkdə baş verməsi mümkündür.

Bunu Planetinfo.az-a siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, amma diqqətimizi başqa bir məqam cəlb etdi. Demək olar ki, Venesuela cəmiyyəti öz prezidentinin oğurlanmasına səssiz qaldı. Hətta əhalinin böyük hissəsi bu hadisəni sevinclə qarşıladı. Bu nədən qaynaqlanır ki, ölkə vətəndaşları öz dövlət başçısının taleyinə biganə qalsın?
Unutmaq olmaz ki, insan həm də bioloji varlıqdır. Yəni yaxşı yaşamaq, çalışmaq, gözəl həyat tərzi keçirmək istəyir. Ən azından beynəlxalq medianın yazdığına görə, Nikolas Maduronun rəhbərlik etdiyi zəngin neft ehtiyatları olan Venesuelada əhalinin vəziyyəti yaxşı olmayıb, venesuelaların xeyli hissəsi öz vətənlərini tərk edib.

Təbii ki, Tramp Venesuela prezidentinin həbs olunması qərarını verərkən əhalinin ağır güzəranını, ölkədə seçki saxtakarlığını deyil, öz strateji neft maraqlarını nəzərə alıb. Latın Amerikasını arxa bağçası hesab edən ABŞ Nikolas Maduronun həbsini, Venesuela neft ehtiyatlarına birbaşa nəzarəti ələ keçirməsini böyük qələbəsi hesab edir. Gələcəkdə Venesuelanın ABŞ üçün əsl başağrısına, bəlkə də uzunmüddətli bataqlığa çevrilib-çevrilməcəyini zaman göstərəcək.
Onu da unutmaq olmaz ki, ABŞ-ın hərbi dəstəyi ilə İraqda, Əfqanıstanda, Liviyada baş tutmuş hakimiyyət dəyişikliyi nəticəsində çox açı təcrübələr ortadadır. Görünən odur ki, dünyanın siyasi arxitekturası sürətlə dəyişir. Məhz belə məqamda beyin mərkəzlərinin geniş təhlilinə və idarəetmə sisteminin son dərəcə çevikliyinə ehtiyac duyulur.

Nəsimi

Xəbər lenti