ABŞ-ın Venesuelada prezident Nikolas Madura qarşı keçirdiyi əməliyyatdan sonra beynəlxalq siyasi gündəmdə əsas müzakirə ABŞ-ın növbəti hədəfinin hansı ölkə ola biləcəyi ilə bağlıdır. Danimarka (Qrenlandiya), Kolumbiya, ümumilikdə Amerika qitəsində yerləşən dövlətlər, yoxsa İran?
Planetinfo.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.
Lakin ehtimalların analizi göstərir ki, ABŞ-ın yaxın perspektivdə prioriteti məhz Qrenlandiyadır. Əvvəla, Donald Trampın növbəti dəfə ABŞ prezidenti seçilməsindən dərhal sonra verdiyi ilk açıqlamalardan biri Danimarkanın Qrenlandiyası ilə bağlı iddiası idi.
Ancaq bununla yanaşı, ABŞ-ın Qrenlandiyanı hərbi yolla mənimsəməsi o qədər də inandırıcı deyil. Danimarka NATO üzvüdür və NATO-nun aparıcı ölkəsi olan ABŞ-ın alyans daxilində belə bir hərbi təcavüzə getməsi faktiki olaraq NATO-nun dağılması deməkdir. Bu isə öz növbəsində Avropanı Vaşinqtonun nəzarətindən tam çıxararaq, ABŞ-sız yeni güc mərkəzinin formalaşmasını sürətləndirəcək. NATO daxilində belə bir hərbi təcavüzün mümkünküyü ağlabatan deyil.
Paralel olaraq, əgər ABŞ Qrenlandiyanı hərbi yolla ilhaq edərsə, heç şübhəsiz ki, Rusiyanın Baltikyanı respublikalara, hətta Polşaya hərbi müdaxiləsi böyük ehtimalla gözləniləndir. Rusiya SSRİ-ni bu və ya digər formada bərpa etmək məqsədilə keçmiş sovet respublikalarına deyil, NATO ölkələrindən birinə hərbi müdaxilə etməsinin psixoloji-siyasi effektinin ən azı onun keçmiş sovet respublikalarına nüfuzunu bərpa edəcəyini hesablayır.
Ən əsası isə Qrenlandiyada və həmin regionda Rusiya və Çinin maraqları qabarıqdır. ABŞ-ın hərbi müdaxiləsi Rusiya və Çini də hərbi qarşıdurmaya sürükləyə bilər. Ona görə də ABŞ-ın Qrenlandiya ilə bağlı mümkün hərəkəti hərbi güc tətbiqindən daha çox güc nümayişi və siyasi təzyiq formasında ola bilər.
Real ssenari isə danışıqlar və qarşılıqlı kompromis yolu ilə regionun ortaq istismarı ola bilər. Yəni Trampın Qrenlandiyanı qazanmaq istəyi yüksək olsa da, bunun yalnız diplomatik müstəvidə mümkün olacağı daha realdır.
Nəsimi