Dünya 7-01-2026, 11:41

Tramp İranı da hədəfə ala bilər

Tramp İranı da hədəfə ala bilər
İranda rejim dəyişikliyi ehtimalı yüksəkdir, lakin bu, İranın parçalanması və ya dövlət olaraq dağılması demək deyil (Cənubi Azərbaycan İranda ixtişaşlarda iştirak etmir). ABŞ və Qərb ölkələri ümumiyyətlə İranın dağılmasında maraqlı deyillər. Çünki İran regionda və İslam dünyasında, xüsusilə Türkiyə faktoruna qarşı müəyyən tarazlaşdırıcı funksiyanı yerinə yetirir. Mümkün rejim dəyişikliyi daha çox İranın Çin və Rusiya ilə strateji yaxınlığını zəiflətmək, onu ABŞ-a daha loyal bir xəttə yönəltmək məqsədi daşıyır. Bu kontekstdə İranın “ikinci Venesuela”ya çevrilməsi ssenarisi real görünmür. Ancaq rejim dəyişdirilməsi ssenarisi masadadır.

Bunu Planetinfo.az-a politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, yaxın zamanlarda Madura ssenarisinə uyğun hər hansı bir ölkədə oxşar əməliyyatların həyata keçirilməsi artıq əvvəlki dövrlər qədər asan və inandırıcı deyil. Risk dairəsinə aid dövlətlər bu tip əməliyyatlara qarşı daha hazırlıqlıdır və beynəlxalq konsolidasiya faktoru ciddi əngəl yaradır. Donald Trampın növbəti dəfə belə “asan qələbə” imkanları olduqca şübhəlidir.

Maduronun həbsinə baxmayaraq, ABŞ-ın Venesuelanı tam qazandığı qənaəti yanlışdır. Venesuela Ali Məhkəməsinin təsdiqi ilə prezident səlahiyyətlərinin icrasına başlayan vitse-prezident Delsi Rodriges Trampın təhdidlərinə rəğmən ABŞ tərəfdarlarına qarşı “təmizləyici” tədbirlərə start verib. Ümumiyyətlə, ABŞ-ın “Maduro əməliyyatı” özlüyündə nəinki ABŞ üçün, həm də bütün dünya üçün çox riskli təhlükələr gizlədir.

Trampın ən əsas hədəflərindən biri Panama kanalının tam şəkildə ABŞ-ın nəzarətinə keçməsidir. Vaşinqton üçün bu kanal təkcə iqtisadi deyil, həm də qlobal hərbi-logistik baxımdan strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdən yaxın dövrdə ABŞ-ın əsas diqqətinin Qrenlandiya, İran və Panama istiqamətində cəmlənməsi real ardıcıllıq ola bilər.

Nəsimi

Xəbər lenti