“İrandakı etirazların rejim dəyişikliyi ilə nəticələnib nəticələnməyəcəyinə birmənalı cavab vermək çətindir. Çünki İranda rejim dəyişikliyi ehtimalı bir neçə struktur və dinamik amildən asılıdır”.
Bu fikirləri
Planetinfo.az-a AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov İranda baş verən prosesləri şərh edərkən səsləndirib. O qeyd edib ki, İranda son günlərdə baş verən etirazlar miqyası, coğrafiyası və sosial tərkibinə görə əvvəlkilərdən fərqlənir:
“Aksiyalar paytaxt Tehranla yanaşı, bir sıra vilayətləri, o cümlədən etnik və iqtisadi baxımdan həssas bölgələri əhatə edir. Tarixi təcrübə göstərir ki, İranda kütləvi etirazlar nadir hallarda birbaşa rejim dəyişikliyi ilə nəticələnib. 1979-cu il İslam İnqilabı istisna olmaqla, son onilliklərdə baş verən genişmiqyaslı aksiyalar – 1999, 2009, 2017–2019 və 2022–2023-cü illər – ciddi silkələnmələr yaratsa da, siyasi sistemi devirməyə kifayət etməyib. Bunun əsas səbəbi rejimin güc dayaqlarının, xüsusilə təhlükəsizlik və hərbi strukturların sona qədər mərkəzə sadiq qalması olub”.
Rəşad Bayramovun sözlərinə görə, mövcud etirazların rejim üçün təhlükəli tərəfi ondan ibarətdir ki, narazılıq artıq orta sinfin və ya tələbələrin çərçivəsindən çıxıb:
“Aşağı gəlirli təbəqələr, fəhlələr, kiçik sahibkarlar və əyalət əhalisi prosesə daha fəal şəkildə qoşulub. Bu, etirazların sosial bazasını genişləndirir və dövlətin idarəetmə resurslarını daha çox yükləyir. Digər mühüm məqam isə qorxu baryerinin qismən aradan qalxmasıdır. İnsanlar bezib və sərt repressiyalara, etirazçıların öldürülməsinə baxmayaraq aksiyaların tam səngiməməsi göstərir ki, cəmiyyətin müəyyən hissəsi artıq risk almağa hazırdır”.
Anar