10 gündən artıqdır ki, İran daxilində başlayan genişmiqyaslı etirazlar bir az da kritik həddə çataraq, ölkənin siyasi həyatında ciddi risklər meydana gətirib.
Bunu
Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, 50 illik molla rejiminin qurduğu sistemin artıq bu ölkənin insanının yaşam tərzinə və həyatı tələblərinə cavab verməməsi, İrandakı mövcud rejimin tezliklə dəyişəcəyini göstərir:
"Ötən ilin sonlarında İran rialının dəyərinin rekord səviyyədə aşağı düşməsi inflyasiyanın kəskin şəkildə artması ilə və xüsusilə də ərzaq-qida məhsullarının, əsas ehtiyac mallarının qiymətlərinin yüksəlməsi ölkədə geniş narazıliqlara səbəb oldu. Paytaxt Tehran bazarından başlayan etirazlar artıq ölkənin bütün 31 əyalətini bürüyüb. Başlanğıcda iqtisadi narazılıqlarla başlayan hərəkat tədricən daha geniş siyasi məzmun alaraq mövcud rejimə qarşı qəti şəkildə tənqidlərə yol açdı və “diktatora ölüm” şüarları ölkəni bürüyüb. Ölkə rəhbərliyi etirazların qarşısını almaq məqsədilə internet və kommunikasiya blokadasından istifadə edir və paytaxt Tehranın daxilində həyatın əhəmiyyətli hissəsini təsir altında saxlayırlar. Bütün bunlara baxmayaraq etirazlar dalğası, hökumət gücləri üçün, öz şiddəti və miqyası ilə qarşısı alınmaz bir problemə çevrilib”.
Çingiz Şahbazi deyib ki, 2022-2023 illərdə olduğu kimi indi də hərakat çox geniş və təsir edicidir:
”Buna baxmayaraq vahid siyasi liderlik institutunun və alternativ hakimiyyət strukturlarının olmaması bu rejimin dərhal çökəcəyi ilə bağlı ehtimalları zəif göstərir. Rejimin əlində İnqilab Keşikçiləri Qvardiyası hələ də qalmaqdadır. Hansı ki, ölkədə ən güclü təhlükəsizlik aparatı hesab olunur. Ölkənin siyasi elitasının əksəriyyəti rejimi dəstəkləyir və belə bir durumda hakimiyyət vəziyyəti əvvəlki dövrə qaytara bilər, ehtimalı yaranır. Bu baxımdan rejimin dərhal dəyişməsi həyata keçməsə belə, siyasi sistemdə forma dəyişikliyi qaçılmazdır”.
Anar