Gündəm / İdman Dün, 21:30

Qurban Qurbanov: “Epizodu penalti kimi gördüm”



“Qarabağ” bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında “Sabah”ın qonağı olub.

Planetinfo.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Futbolçularıma təşəkkür edirəm. Yaxşı oyun alındı. İnanıram ki, hər bir azarkeş qarşılaşmadan zövq aldı.

Penalti epizodu ilə bağlı fikir bildirməyim bir az fərqli alınar. Mənim tərəfimdən belə fikirlər bildiriləndə fərqli başa düşülür. Ümumən baxsaq, epizodu penalti kimi gördüm. Amma belə hallar olur. VAR-a getmək o deməkdir ki, 90 faiz fikrini dəyişməlisən. Bilmirəm, məndən uzaq bir sahədir. Yəqin ki, açıqlama verəcəklər.

Qalmaqal futbolçularla hakimlər arasında oldu. Rəsmilərlə hansısa münaqişə olduğunu görmədim. Belə emosiyalar bir növ futbolu gözəlləşdirir. Normal hallardır, bəzən Çempionlar Liqasının finallarında, dünya çempionatlarında da rastlaşırıq.

Ümumən, baş verən intiriqalara baxsaq, hakimlərin qərarlarından sonra olur. Hakimlərə o qədər basqı olur ki, özləri belə, epizodları analiz edə biləcək durumda deyillər. Bu baxımdan, bəzən hakimlərin halına yazığım gəlir. Ona görə, oyunları sakit şəkildə başa vurmalıyıq. Dediyim kimi, o çoxlu basqı hakimlərin səhvlər etməsi ilə nəticələnir.

Bəli, əvvəlki oyunlarda demişəm ki, mənim komandam xarakter nümayiş etdirməlidir, əzmkar oyun göstərməlidirlər. Məhz bu gün futbolçularımda onu görə bildim.

Mövsümü titulsuz başa vurmağımız… Ümumiyyətlə, dünya futbolunda görünən hallardır. Çempionlar Liqası bizi çox yordu. Belə desək, suyumuzu çıxardı. Hansısa turnirdə bir addım irəli getdikdə psixoloji basqı artır. Amma dediyim kimi, Avropa futbolunda da belə hallar olur. Amma biz yenə də məsulliyətliyik.

Mənim ciddi bir narahatlığım yoxdur. İşimdəyəm, ola bilər, gələn il də hansısa addımlar atmaq istəsək, alınmaya bilər. Mən heç vaxt deməmişəm ki, bacarmayacağıq. Ümumən, intriqa böyüyüb. Digər komandalar da hazırlaşır, çempion olmaq istəyir. Düşünürəm ki, gələn il çempionatımız daha da maraqlı olacaq”.

Qeyd edək ki, iki oyunun nəticəsində (ilk oyun 2:2) 3:4 hesabı ilə məğlub olan Ağdam təmsilçisi mübarizəni yarımfinal mərhələsində dayandırıb.

Xəbər lenti