Gündəm / Siyasət Dün, 23:48

Moskva Belozyorovu İrəvana göndərib: Zəngəzur dəhlizini kim təmir edəcək?



Ermənistanın dəmir yollarının idarə olunması üçün konsessiya müqaviləsinin saxlanılmasından söhbət gedə bilməz.

Bunu “Rusiya Dəmir Yolları”nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov İrəvanda Nikol Paşinyanla görüşdən sonra “Sputnik Armenia”ya bildirib:

"Onun qorunması və ya qorunmaması ilə bağlı heç bir sual yox idi. Biz konsessiya müqaviləsinin icrasını müzakirə etdik, o, həyata keçirilir və birlikdə işləmək barədə razılığa gəldik",.

Belozyorov Türkiyə və Azərbaycanla sərhəddəki yolun hissələrinin bərpası məsələsinə münasibət bildirməyib və Ermənistan tərəfinin daha əsaslı bir şərh verəcəyini qeyd edib.

Eyni zamanda, Belozyorov görüşü çox məhsuldar kimi qiymətləndirib.

Ermənistanın dəmir yollarını idarə etmək üçün mövcud Rusiya konsessiyasının yenidən nəzərdən keçirilməsi mövzusu, Rusiya tərəfinin razılıq verdiyi Azərbaycan və Türkiyə ilə sərhədlərdə dəmir yolu hissələrinin bərpası planları fonunda ortaya çıxdı. Paşinyan son aylarda bir neçə dəfə bildirib ki, Ermənistan Sünikdən (ABŞ-ın iştirakı ilə TRIPP layihəsi) və Yerasxdan Gümrüyə qədər olan digər dəmir yolu hissəsindən (Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları tərəfindən idarə olunur) tranzit potensialından istifadə etməlidir. Lakin İrəvan beynəlxalq bizneslərdən Yerasx-Gümrü marşrutunun problemli olduğuna dair siqnallar alır, çünki onlar "zəhərli" hesab etdikləri Rusiya şirkəti ilə sövdələşmək istəmirlər. Baş nazirin sözlərinə görə, İrəvanın beynəlxalq tərəfdaşları iddia edirlər ki, Rusiyanın konsessiyada iştirakı "Ermənistanı dəmir yolunun inkişafı baxımından rəqabət üstünlüklərindən məhrum edir".

Paşinyan daha sonra Moskvanın potensial variantlar arasında Qazaxıstan, BƏƏ və Qətərin adını çəkərək, konsessiyanın dost üçüncü ölkəyə verilməsini nəzərdən keçirməsini təklif etdi. İrəvan, həmçinin Rusiyanın razılığı şərtilə dəmir yolu idarəetməsinin Qazaxıstan şirkətinə verilməsinə etiraz etməyəcəyini bildirdi.

Rusiyanın nəqliyyat naziri Andrey Nikitin öz növbəsində bildirib ki, Moskva konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı danışıqlar aparmır. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da bildirib ki, Moskvaya İrəvandan Cənubi Qafqaz Dəmir Yolu ilə konsessiya müqaviləsinin ləğvi ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. Rusiya Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin ölkənin nəqliyyat sektorundan "Rusiya faktoru"nun aradan qaldırılmasını tələb edən Qərb tərəfindən şantaj edildiyini ehtimal edir.

Xəbər lenti