Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan etiraf edib ki, dünyanın bir çox ölkəsi Moskva əleyhinə tətbiq olunan məhdudiyyətlərə əməl etməyi zəruri hesab etmir.
O’Sallivan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki, buna əsas səbəb sanksiyaların BMT tərəfindən təsdiqlənməməsidir. Bu səbəbdən bir çox dövlət həmin məhdudiyyətləri özləri üçün məcburi hesab etmir.
Onun sözlərinə görə, BMT mandatının olmaması Rusiyaya tədarükün tamamilə dayandırılmasını mümkünsüz edir. O’Sallivan təəssüflə etiraf edib ki, Avropa məhdudiyyətləri bütün tədarük kanallarını bağlayan hərtərəfli maneəyə çevrilə bilmir.
Aİ-nin xüsusi nümayəndəsi mallara nəzarətlə bağlı problemlərə də diqqət çəkib. O bildirib ki, Qərb istehsalçıları məhsullar iki və ya üç dəfə yenidən satıldıqdan sonra onların hərəkətini izləmək imkanını itirirlər. Nəticədə şirkətlər istehsal etdikləri malların son nəticədə hansı ölkələrə çatdırıldığı barədə məlumata malik olmurlar.