Gündəm / Dünya Dün, 21:28

Alimlərdən xəbərdarlıq: Bu təhlükələr insanlığın sonunu gətirə bilər



“Lancet” Komissiyasının hazırladığı yeni qlobal risk hesabatında nüvə müharibəsi və süni intellektdən zərərli məqsədlərlə istifadənin 2100-cü ilə qədər bəşəriyyətin mövcudluğunu təhdid edə biləcəyi bildirilib.

Dünya üzrə sağlamlığı və ömür uzunluğunu təhdid edən 17 əsas riskin araşdırıldığı hesabat Almaniyanın Berlin şəhərində keçirilən Dünya Sağlamlıq Sammitində təqdim olunub.

35 mütəxəssisin üç illik araşdırması əsasında hazırlanan hesabatda qlobal təhlükələr və onların qarşısının alınması yolları diqqətə çatdırılıb.

Araşdırmaya görə, nüvə müharibəsi və süni intellektdən zərərli məqsədlərlə istifadə baş vermə ehtimalı aşağı olsa da, mümkün nəticələrinin dağıdıcı olması səbəbindən ən ciddi risklər sırasındadır. Nüvə münaqişəsinin atmosferə təsir edərək qlobal qıtlığa səbəb ola biləcəyi, süni intellektin köməyi ilə yaradılan bioloji silahların isə misli görünməmiş fəlakət törədə biləcəyi vurğulanıb.

Digər əsas təhdidlər sırasında havanın çirklənməsi, antimikrob müqavimət, uşaqlarda qeyri-kafi qidalanma, iqlim böhranı, silahlı münaqişələr və xarici yardımların azaldılması yer alıb.

Hesabatda həmçinin, ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra zəngin ölkələrin xarici yardım büdcələrini azaltmasının qlobal sağlamlıq üçün ciddi təhlükə yaratdığı bildirilib.

Mütəxəssislər hesabatın məqsədinin qorxu yaratmaq deyil, dünya liderlərini vaxtında tədbir görməyə çağırmaq olduğunu bildiriblər. İqlim dəyişikliyinin məhdudlaşdırılması, texnoloji yeniliklərə investisiyaların artırılması və risklərə hazırlıq üçün büdcə ayrılması əsas həll yolları kimi göstərilib.

Xəbər lenti