Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) noyabr ayında növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi ehtimalını nəzərdən keçirir.
Bu barədə "Cumhuriyet" qəzeti partiya daxilindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, AKP rəhbərliyi son dövrlər həyat səviyyəsi aşağı düşən pensiyaçılar və aztəminatlı ailələrin etimadını bərpa etmək üçün yeni strategiya hazırlayır. Bu çərçivədə genişmiqyaslı sosial dəstək paketinin tətbiqi planlaşdırılır. Xüsusilə, oktyabr ayında ölkədə minimum pensiyanın 36 min lirəyə qədər artırılması, eləcə də kommunal xidmətlər və mənzil kirayəsi üçün yeni subsidiyaların verilməsi nəzərdə tutulur.
Mənbələr bildirir ki, bu tədbirlər həyata keçirildikdən sonra seçicilərin müsbət reaksiyasından yararlanmaq məqsədilə noyabrda seçkilər elan edilə bilər. Bununla belə, partiya daxilində hələ yekun qərar verilməyib; bəzi üzvlər ictimai rəyi tam təhlil etmədən tələsik seçkiyə getməyin riskli olduğunu düşünür.
Növbədənkənar seçkilər Prezident Rəcəb Tayyib Ərdoğan üçün yenidən dövlət başçısı seçilmək yollarından biridir. Qanunvericiliyə görə, 2028-ci ildə keçiriləcək növbəti seçkilərdə onun namizədliyini irəli sürmək hüququ yoxdur. Alternativ variant kimi konstitusiyaya dəyişiklik edilərək bu məhdudiyyətin ləğv edilməsi də müzakirə olunur.