ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna prezidenti Vladimir Zelenskidən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna zərbələri dayandırmağı tələb edib.
Bu barədə “Financial Times” qəzeti Ukrayna və digər mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vens bu tələbi iyulun 31-də Zelenski ilə telefon danışığı zamanı səsləndirib. Nəşrin iddiasına görə, Kiyev Vaşinqtonun istəyinə razılıq verib.
“Biz amerikalı tərəfdaşlarımızı çox diqqətlə dinləyirik”, - deyə yüksək səviyyəli ukraynalı məmur qeyd edib.
Ukraynanın mövqeyindən xəbərdar olan mənbə bildirib ki, Kiyev Donald Tramp administrasiyasının müraciətini, o cümlədən ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün zenit raketlərinin istehsalına lisenziya almaq ümidi ilə qəbul edib. Bundan əlavə, Ukrayna qışa qədər ABŞ-dan bir neçə yüz belə raket almağı planlaşdırır.
ABŞ rəsmisi də administrasiyanın Ukraynaya CPC infrastrukturuna zərbələri dayandırmağın zəruriliyi barədə xəbərdarlıq etdiyini təsdiqləyib.
“Administrasiya CPC-ni Qazaxıstan mənşəli enerji daşıyıcılarının Avropa bazarlarına çatdırılmasının həyati əhəmiyyətli kanalı hesab edir. Bu marşrut Rusiya enerji tədarükünə alternativdir”, - deyə amerikalı rəsmi vurğulayıb.