Rusiya Ermənistandan bəzi məhsulların idxalına fitosanitar tələblərlə bağlı məhdudiyyət tətbiq edib.
Bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib.
Onun sözlərinə görə, qərar Rusiyanın müvafiq qurumları tərəfindən qəbul olunub və ölkəyə müəyyən növ məhsulların idxalı zamanı fitosanitar qaydalara əməl edilməsinin zəruriliyi ilə əlaqədardır.
“Bu, profil qurumlarımızın qərarıdır və Rusiyaya müəyyən növ məhsulların gətirilməsi zamanı qüvvədə olan fitosanitar qaydaların təmin edilməsinə yönəlib”, - deyə Qaluzin bildirib.
Nazir müavini əlavə edib ki, məhdudiyyətə məruz qalan Ermənistan məhsullarının əvəzlənməsi məsələsi də aidiyyəti qurumlar tərəfindən həll olunacaq.
Qeyd edək ki, son dövrlər Moskva ilə İrəvan arasında münasibətlərdə müşahidə olunan gərginlik fonunda bu qərar diqqət çəkən addım kimi qiymətləndirilir.