Litva hakimiyyəti ölkənin mərkəzi və şimal bölgələrinin sakinlərinə çağırış edib.
Səlahiyyətlilər insanları naməlum uçan obyekt səbəbindən sığınacaqlarda gizlənməyə çağırıb.
"Qırmızı" dərəcəli həyəcan siqnalı zamanı bölgəyə NATO hava polisinin qırıcı təyyarələri cəlb edilib və Kaunas hava limanı bağlanıb.
Litvadakı bu müəmmalı insidentlə eyni vaxtda Latviya ordusu da hərəkətə keçib. Latviya ordusunun məlumatına görə, mümkün təhlükə səbəbi ilə əvvəlcə Litva ilə həmsərhəd olan bəzi bölgələr üçün "sarı" hava xəbərdarlığı elan edib. Daha sonra isə bu hava xəbərdarlığı ləğv edib.
Maraqlıdır ki, Polşa da hava insidenti ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, Rusiyanın aktiv hava fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb.
"Reuters" qeyd edib ki, son aylarda Ukrayna dronları dəfələrlə Baltikyanı bölgədə NATO hava məkanına daxil olub. Kiyev isə iddia edir ki, bu dronlar məqsədli şəkildə NATO hava məkanına yönəldilmir, sadəcə olaraq onların istiqaməti Rusiyanın siqnal maneə sistemləri tərəfindən pozulur.