“Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”
İlham ƏliyevDil sadəcə ünsiyyət vasitəsi deyil. Dil – xalqın yaddaşı, ruhu, tarixi və mənəvi kimliyidir. Ana dili insana bəxş olunan dünyanı ilk dəfə dərk etdiyi, düşüncələrini formalaşdırdığı,hisslərini ifadə etdiyi, ən böyük mükafatıdır.
Bu baxımdan ana dilimiz milli mənliyimizin əsas sütunudur.
Hər bir xalqın varlığı onun dili ilə ölçülür. Tarixin keşməkeşli dövrlərində dövlətini itirən, sərhədləri dəyişən xalqlar belə dillərini qoruyaraq öz milli kimliklərini yaşada bilmişlər. Dil mədəniyyətin daşıyıcısıdır; folklor, ədəbiyyat, adət-ənənə, düşüncə tərzi məhz dil vasitəsilə nəsildən-nəslə ötürülür. Əgər dil zəifləyərsə, milli yaddaş da zəifləyər.
Azərbaycan xalqı üçün Azərbaycan dili təkcə danışıq vasitəsi deyil, həm də dövlətçilik atributudur. Xüsusilə Heydər Əliyev tərəfindən ana dilimizin dövlət dili kimi möhkəmləndirilməsi və qorunması istiqamətində atılan addımlar dilimizin inkişafında mühüm mərhələ olmuşdur. Bu siyasət bu gün də İlham Əliyev tərəfindən davam etdirilir və dilimizin beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində ardıcıl işlər görülür.
Ana dili insanın mənəvi dayağıdır. Ana dilinə hörmət – milli kimliyə, milli dəyərə hörmətdir.
Bu gün informasiya mühitində, sosial şəbəkələrdə və gündəlik ünsiyyətdə dilimizin düzgün və zəngin şəkildə istifadəsi hər birimizin vətəndaşlıq borcudur. Söz ehtiyatımızı zənginləşdirmək, klassik və müasir ədəbiyyatımızı oxumaq, dil qaydalarına riayət etmək milli mədəniyyətimizin qorunmasına xidmət edir.
İlham Əliyevin Ana Dilinə Dair Fikirləri və Dövlət Siyasəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ana dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət ayırır. O, dilimizi yalnız ünsiyyət vasitəsi kimi deyil, həm də milli kimliyin, mədəniyyətin və dövlətçiliyin əsas dayağı kimi qiymətləndirir.
Prezident Əliyev dilin qorunmasının vacibliyini bir neçə dəfə vurğulamış, xüsusilə son illərdə ana dilimizin xarici sözlərlə doldurulmasının qarşısının alınmasının zəruriliyini qeyd etmişdir. O, Azərbaycan dilini “çox zəngin” və “özündə böyük leksik xəzinə saxlayan” dil kimi dəyərləndirir və bu zənginliyi qorumağı hər bir vətəndaşın vəzifəsi sayır.
2025-ci ilin noyabr ayında Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirində çıxış edərək bildirmişdir ki, əgər Azərbaycan dilində orijinal söz mövcuddursa, onu başqa dildəki sözlə əvəz etmək lazım deyil və bu, ya səhv, ya da provokasiyadır. Bu cür hallara yol vermək milli kimliyimizin zəifləməsinə səbəb ola bilər.
O, həmçinin vurğulamışdır ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın vəzifəsidir və bu məsuliyyət yalnız dövlət strukturlarının deyil, alimlərin, müəllimlərin, jurnalistlərin, mədəniyyət xadimlərinin və cəmiyyətin bütövlüyünün iştirakı ilə həyata keçirilməlidir.
2026-cı il yanvar ayında Prezident Əliyev ana dilinin saxlanmasının ölkənin milli kimliyi üçün lazımlığını yenidən diqqətə çatdırmışdır. O, çıxışında qeyd etmişdir ki, xarici sözlər dili zənginləşdirmir, əksinə bununla dilin təmizliyi pozulur və milli kimlik risk altına düşür. Buna görə də ana dilinin qorunması hər bir azərbaycanlının mənəvi borcudur.
Ölkə başçısı Cənab İlham Əliyev dəfələrlə çıxışlarındq bəyan edib ki, ana dilini qoruyub saxlamaq təkcə keçmişin mirası üçün deyil, həm də müasir dövrdə milli dövlətçiliyin möhkəmləndirilməsi üçün əsas amildir. Dilin zəngin leksik və mədəni qatları, onun ifadə imkanları, elmi və texnoloji inkişafda istifadə olunması dövlət siyasətində əhəmiyyətli yer tutur.
Bu yanaşma həm də Azərbaycan gənclərini doğma dillərinə həmişəkindən daha çox bağlamaq, xaricdə yaşayan soydaşlarımız arasında ana dilini qoruyub yaşatmaq üçün davamlı proqramların tətbiqini təşviq edir.
İlham Əliyevin Ana Dili Siyasəti və Dövlət Sərəncamları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ana dilimizin qorunması və inkişaf etdirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Onun çıxışlarında Azərbaycan dili milli kimliyin, dövlətçiliyin və mənəvi bütövlüyün əsas dayağı kimi təqdim olunur:
“Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici sözə ehtiyac yoxdur. Əgər dilimizdə qarşılığı varsa, başqa söz işlətmək düzgün deyil.”
Bu fikir xüsusilə dilin saflığının qorunması məsələsində prinsipial mövqeni əks etdirir. Dövlət başçısı hesab edir ki, dilin süni şəkildə yad təsirlərə məruz qalması milli şüura və kimliyə zərbə vura bilər.
Prezident İlham Əliyevin imzaladığı bir sıra sənədlər ana dilinin inkişafına sistemli yanaşmanı təmin etmişdir. Xüsusilə:
1. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilinin tətbiqinin daha da təkmilləşdirilməsi ilə bağlı sərəncamlar;
2. Dövlət dilinin istifadəsinə nəzarətin gücləndirilməsi.
3. Elektron və vizual mediada ədəbi dil normalarının qorunmasına dair tapşırıqlar.
4. Azərbaycan dilinin rəqəmsal mühitdə inkişafı və terminoloji bazanın zənginləşdirilməsi istiqamətində tədbirlər.
Bu sənədlər yalnız formal qərarlar deyil, həm də praktik nəticələr doğuran addımlardır. Dövlət qurumlarında, təhsil sistemində, mediada və rəsmi sənədləşmədə ədəbi dil normalarının qorunması istiqamətində daim ardıcıl iş aparılır.
Prezident İlham Əliyev xüsusilə Azərbaycan Milli Elmlər Akademiyası-nın yubiley tədbirində çıxışında ana dili məsələsinə geniş yer ayıraraq bildirmişdir:
“Dilimiz milli sərvətimizdir. Onu qorumaq hər birimizin borcudur. Xarici sözlərin lüzumsuz işlədilməsi yolverilməzdir.”
O, alimləri, müəllimləri və media nümayəndələrini dilimizin zənginliyini qorumağa və yeni terminlərin yaradılmasında milli leksik bazaya üstünlük verməyə çağırmışdır.
Prezidentin fikrincə, Azərbaycan dili təkcə keçmişin mirası deyil, həm də gələcəyin inkişaf alətidir. Elmin, texnologiyanın, süni intellektin və rəqəmsal transformasiyanın dili kimi Azərbaycan dilinin imkanları genişləndirilməlidir.
İlham Əliyev ana dilini milli birliyin əsas faktoru kimi qiymətləndirərək daim bildirir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirən ən güclü bağ məhz doğma Ana dildir. Ana dilimiz milli-mənəvi dəyərin, milli kimliyin, həmrəyliyin, mədəni yaddaşın və mənəvi bütövlüyün təminatıdır.
AMEA-nın dissertantı, Dağ yəhudiləri milli irsinin araşdırmaçısı Ayna Əlixan