Gündəm Bugün, 16:00

Halal turizm modeli: Azərbaycan bu bazara necə girə bilər?




Hazırda halal turizm qlobal turizm sənayesində ən sürətlə böyüyən və iqtisadi cəhətdən ən təsirli seqmentlərdən biri hesab olunur. Getdikcə daha çox ölkə müsəlman müştərilərə yönəlmiş turizm məhsulları hazırlayır. Nəticədə, turizm sənayesi yüksək keyfiyyətli halal tətillər üçün imkanlar yaradan innovasiya bumunu yaşayır.

Ölkəmizdə qəbul edilən “Halal turizm xidmətləri. Ümumi tələblər” dövlət standartı da halal turizmin inkişafına hesablanıb. Yeni standart yerləşmə vasitələri, tur paketləri, turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini əhatə edərək, səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm obyektlərində təqdim olunan məhsul və xidmətlərin idarə olunmasına dair əsas prinsipləri və tələbləri müəyyən edir.

Nəzərə almaq lazımdır ki, halal turizm üzrə sənayenin əhatə dairəsi çox genişdir. Xüsusi halal turizm konfransının təşkilatçıları bildiriblər ki, 2025-ci ildə müsəlman səyahətçilərin xərcləri 200 milyard dollara çatıb və onilliyin sonu üçün proqnozlar ümumi qlobal turizm sənayesini üstələyən davamlı artım vəd edir.

Müsəlmanların Qlobal Səyahət İndeksinin (GMTİ) məlumatlarına görə, son illər müsəlmanlar ən çox Fransaya səyahət paketlərini seçirlər. İtaliya və İngiltərə ikinci-üçüncü yerləri bölüşürlər. Almaniya və Türkiyə isə dördüncü və beşincidir.

“Qəbul edilən standartlar vacibdir”

Ətraflı
Ad - 00:05
Turizmçi Aytac Nəzirli hesab edir ki, qəbul edilən standartlar vacibdir: “Biz cənub-şərqi Asiya ölkələri, körfəz ölkələri ilə müqavilələr bağlaya bilərik. Standartlara uyğunluq yaransa, bu, həmin ölkələr üçün əlverişli ola bilər. Unutmayaq ki, bu bazar dünya turizmində ən sürətlə böyüyən seqmentlərdəndir və böyük iqtisadi potensiala malikdir. Bizim ölkədə də onları cəlb etmək üçün şərait var. Ancaq hazırkı vəziyyətdə yalnız standartın qəbul edilməsi ilə nəticəyə nail olmaq mümkün deyil. Halal turizmin inkişafı kompleks yanaşma tələb edir. Bunun üçün ilk növbədə uyğun infrastrukturun yaradılması, serifikatlaşdırma, kadrların düzgün hazırlanması, effektiv marketinq strategiyası həyata keçirilməlidir. Bunlar kompleks şəkildə olarsa, standartlara tam hazır ola bilərik. Əgər standartlara tam cavab versək, ərəbdilli ölkələrin vətəndaşlarının ölkəmizə axını qaçılmazdır. Biz dünyəvi ölkə olaraq turizmi inkişaf etdirmək üçün bir neçə bazara girməliyik. Məsələn, əvvəllər Hindistan və s. ölkələrdən gələnlərə üstünlük verirdiksə, indi daha çox körfəz ölkələrinə də yol açmalıyıq. Buna görə halal turizm üzrə standartların qəbul olunması müsəlman ölkələrinin vətəndaşlarını cəlb etmək, onların etnik, dini dəyərlərinə uyğun səyahət etmələrini təmin etmək baxımından vacibdir”.

“Restoranlarda qiymətlər də tənzimlənməlidir”

A.Nəzirli hesab edir ki, bu çərçivədə turizm obyektləri qarşısında müəyyən tələblər qoyulmalıdır: “Məsələn, hotel və restoranlarda serifikatlaşdırma olmalıdır. Hətta bələdçilər belə bu standartlara uyğun şəkildə təlimlənməlidirlər. Turistlərin ən çox soruşduğu ”halal qidadırmı?” sualı həllini tapmalı, ibadət yerləri çox olmalıdır. Hər hansı obyektə gedəndə qonaqların rahatlıqla ibadət etməsi üçün şərait yaradılmalıdır. Düzdür, bizdə bəzi yerlərdə belə guşələr var, amma hər yerdə rast gəlinmir. Bu tələblərin olması standartları həyata keçirməyə şərait yaradar”. Turizmçi bildirir ki, halal turizm obyektlərində ailə mühitinin qorunması da zəruridir: “Bir restorana gediriksə, sırf kişilərin oturduğu yerdə ərəb ölkələrindən gələn turistlər ailə üzvləri ilə otura bilməzlər. Bunun üçün ailə kabinetləri və ya ailə zalları olmalıdır. Bizdə bir-iki restoran var ki, iki zaldan ibarətdir. Həmin zalların birində ailəvi qəbul edirlər və yeməkləri də halaldır. Bu baxımdan, standartlar körfəz ölkələrinin prinsiplərinə uyğun şəkildə qurulmalıdır”. Turizmçi qeyd edir ki, söhbət halallıqdan gedirsə, bu şərtlər bələdçiyə də, sürücüyə də aid edilməlidir, restoranlarda qiymətlər də tənzimlənməlidir: “Standart qiymətin olması halal turizmin başlanğıc amilidir. Bizim üstünlüyümüz əhalimizin müsəlman olması və məscidlərimizin çoxluğudur. Bir sözlə, potensialımız var, sadəcə, bu standartlara əməl etmək lazımdır”.

“Bu yöndə çalışmaq bizə böyük üstünlük verəcək”

Turizmçi Əziz Şiriyev bildirir ki, halal turizm standartlarının tətbiq edilməsində məqsəd halal xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi, İslam qaydalarına uyğun məhsul və xidmətlərin təqdim edilməsidir. Həmçinin müştəri tələblərinin qarşılanması və bununla da müştəri məmnuniyyətinin artırılmasıdır: “Turistlərin ölkəmizə cəlbi istiqamətində halal turizm konsepti çox önəmli faktordur. Ölkəmizə turistlərin cəlb olunması üçün biz bütün müştəri seqmentlərini nəzərə almalıyıq. Elə insanlar var ki, halal turizm konseptini seçirlər. O konsept hansı ölkədə varsa, həmin ölkəyə səyahət edirlər. Bizim ölkədə bir neçə hotel bu istiqamətdə çalışır. Amma ümumi ölkə olaraq bu yöndə çalışmaq bizə böyük üstünlük verəcək”.

Qiymət standartları olsa…

Turizmçi Vasif Yadigarovun sözlərinə görə, hazırda mövcud vəziyyətlə əlaqədar gəlmə turizmi çox zəifləyib: “Amma vəziyyət düzələndən sonra hesab edirəm ki, qəbul edilən standartlar İslam ölkələrindən gələn müsəlman turistlərin gəlişini artırar. İlk növbədə qiymət standartları olsa, bu, qonaq artımına gətirib çıxarar. Çünki xarici qonaqlar qiymətlərə çox fikir verirlər və həmişə dünya standartları ilə müqayisə edirlər”. ("Kaspi" qəzeti)

Xəbər lenti