Sosial Bugün, 15:41

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ


Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır.

Planetinfo.az xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib.

Onun sözlərinə görə, zülalın həddindən artıq qəbulu və duzlu qidaların çox istehlakı bu xəstəliyin riskini artıran əsas amillər sırasındadır.

Həkim qeyd edib ki, xüsusilə quraq iqlimə malik bölgələrdə bu problem daha çox yayılıb ki, bunun da əsas səbəbi maye qəbulunun az olmasıdır.

Mütəxəssis vurğulayıb ki, genetik meyllilik də önəmli faktor hesab olunur. Ailəsində böyrək daşı olan şəxslərdə xəstəliyin yaranma ehtimalı daha yüksəkdir. Bundan əlavə, bir dəfə bu xəstəliyi keçirən şəxslərdə 5 il ərzində təkrar yaranma riski 30-50 faiz təşkil edir.

Həkimin sözlərinə görə, böyrək daşı əvvəlcə kiçik kristallar şəklində yaranır və zamanla böyüyərək daşa çevrilir. Daş sidik yollarını tıxamadığı müddətdə əlamət verməyə bilər. Lakin tıxanma baş verdikdə şiddətli ağrı, ürəkbulanma, qusma və hətta infeksiya riski ortaya çıxır.

Əsas simptomun ağrı olduğunu bildirən Bolat əlavə edib ki, bəzi hallarda sidikdə qan, yüksək hərarət və sidik ifrazının dayanması da müşahidə edilə bilər. Xüsusilə tək böyrəyi olan şəxslərdə bu vəziyyət təcili tibbi müdaxilə tələb edir.

Müasir müalicə üsullarının effektivliyinə də toxunan həkim qeyd edib ki, minimal invaziv üsullarla böyrək daşlarını demək olar ki, tam aradan qaldırmaq mümkündür. Lakin xəstəliyin təkrar yaranmaması üçün həyat tərzində dəyişikliklər vacibdir.

Həkim kifayət qədər su içməyi, duz qəbulunu azaltmağı, balanslı qidalanmağı və aktiv həyat tərzini böyrək daşı riskinin azaldılması üçün əsas tövsiyələr kimi qeyd edib. //Milli.Az

Xəbər lenti