Sosial Bugün, 15:00

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ


“Əvvəlki illərlə müqayisədə bu il avtomobillərə maraq xeyli azlıb. Bunu da şərtləndirən bir neçə amil var. Əsas amil alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Digər səbəb avtomobillərin investisiya baxımından o qədər də cəzbedici olmamasıdır.

Hazırda insanlar daşınmaz əmaka daha çox investisiya yatırır. İnvestisiya o zaman cəlbedici olur ki, statistik və struktur dəyişiklikləri o sahədə çox olmur. Yada salaq ki, son illərdə hibrid və elektrik avtomobillərə 3 illik güzəşt tətbiq olundu. Sonra isə bu güzəştlər ləğv edildi. Bu mənada investisiya daha çox o sahəyə yönəlir ki, dövlət strukturları o sahədə qanunvericilik dəyişikliklərinə az gedir”.

Bunu avtomobil bazarındakı durğunluğu Bizim.Media üçün şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib.

O əlavə edib ki, hazırda daşınmaz əmlakda stabillik mövcuddur:

“Yəni bu sahədə qanunvericilik tez-tez dəyişmir deyə insanlar bu sektora axın edir. Xatırladım ki, son zamanlar “Rent a car”lar daha çox yaradıldı. Bu sahədə də hazırda durğunluq var. Üstəlik, bu sahə heç də yüksək gəlirli hesab olunmur. Bu faktor da avtomobil bazarındakı proseslərə öz təsirini göstərir.

Yeni avtomobillərə vergi güzəştlərinin ləğvi və “ikinci əl” avtomobillərin idxalına il məhdudiyyəti qoyulması da bazarda passivliyin yaranmasına səbəb olur. Digər tərəfdən 2000-2010-cu illər arasında istehsal olunan avtomobillərin likvidliyi aşağı düşüb, satışı zəifləyib.

Avtomobil bazarındakı passivliyə təsir edən digər səbəbsə bankların mövcud kredit şərtləridir. Əvvəllər optimal faizlərlə və sadə strukturlarla bank vasitəsi ilə avtomobil əldə etmək olurdu. Lakin son zamanlarda avtomobillərin kreditləşməsində çox ciddi faiz artımları var. Eləcə də kredit şərtləri ağırlaşıb. Bu da səbəblərdən biridir”.

Avtomobil qiymətləri təklif edildiyindən daha ucuzdur.

Müsahibimiz bildirib ki, avtomobil satanlar çox zaman sosial şəbəkələr üzərindən reklam aparırlar:

“Reallıqda avtomobillər reklam olunduğundan daha ucuzdur. Açığını desək hazırda köhnə avtomobilləri satmaq xeyli çətinləşib. Bu prosesin nə qədər sürəcəyini demək bir qədər çətindir. Amma hesablamalarımıza görə təqribən bir ildən sonra avtomobil bazarında aktivlik yarana bilər”.

Xəbər lenti