“Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, hərbi əməliyyatların yaxın vaxtlarda yekunlaşması indiki şəraitdə real görünmür. Bunu bir neçə faktorla izah etmək olar. İlk növbədə onu qeyd etmək lazımdır ki, tərəflər döyüş meydanında bir-birinə qarşı ciddi üstünlük qura bilmirlər”.
Bu fikirləri
Planetinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə Rusiya-Ukrayna müharibəsinin tezliklə həlli mümkünlüyü barədə danışarkən səsləndirib. O deyib ki, bir kənd, qəsəbə və yaxud bir şəhər uğrunda aylarla döyüşlər gedir və hər iki tərəf, xüsusilə, Rusiya çox sayda canlı qüvvə, hərbi texnika itirir:
“Təkcə Pokrovsk uğrunda gedən döyüşlər bizə yerdəki vəziyyəti tam şəkildə izah edir. Təbii ki, bu müharibə yalnız Kiyev və Moskva arasında getmir. Burada qlobal geosiyasi maraqların toqquşduğunun şahidi oluruq və hər kəs prosesə öz maraqları kontekstində yanaşır. Avropa ölkələri Ukraynaya dəstək göstərməklə Rusiya təhdidini minimallaşdırmağa çalışır, ABŞ Rusiya faktorunu əsas gətirməklə həm Avropanı təzyiq altında saxlamaq istəyir, həm də daha dərin qatlarda Pekin-Moskva əlaqələrini kəsməyə fokuslanıb. Daha bir qlobal oyunçu olan Çin də öz növbəsində müharibənin davam etməsində maraqlıdır”.
Pərviz Mirizadə qeyd edib ki, bundan əvvəl Pekin Rusiyaya üstüörtülü şəkildə dəstək versə də, artıq bunu açıq şəkildə həyata keçirir:
“Çünki, Rusiyanın Ukrayna bataqlığında daha çox qalması Çinə Rusiya üzərində strateji planlarını həyata keçirməyə münbit zəmin formalaşdırır. Yəni, qeyd etdiyim güclər prosesə məhz qlobal miqyasda yanaşır və siyasətlərini də məhz bu çərçivədə tətbiq edir”.
Siyasi şərhçi hesab edir ki, indiki şəraitdə, Donald Trampın səyləri və zəif olan danışıqlar fonunda ən yaxşı halda münaqişəni dondurmaq olar:
“Lakin bu da uzunmüddətli həll yolu deyil”.
Füzuli