"Tehran Vaşinqtonun münaqişənin həlli təklifinə cavablar hazırlayıb və bunu tezliklə açıqlayacaq".
Planetinfo.az İRNA-ya istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi deyib.
"Bir neçə gün əvvəl ABŞ-ın Pakistan və bir neçə digər dost ölkə vasitəsilə çatdırılan 15 maddəlik planı da daxil olmaqla, vasitəçilər vasitəsilə təkliflər təqdim edildi. O zaman biz bu cür təkliflərin həddindən artıq, qeyri-adi və məntiqsiz olduğunu bildirmişdik. Maraqlarımıza və mülahizələrimizə əsaslanaraq öz tələblərimizi formalaşdırdıq" - deyə Bəqayi bildirib.
Bəqayi qeyd edib ki, Tehran nə istədiyini və qırmızı xətlərin nə olduğunu əvvəlcədən bilir.
"Müzakirənin əvvəlindən cavablarımızı hazırladıq. Lazım gələrsə, onların məzmununu və dərc üsulunu açıq şəkildə bildirəcəyik", - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.