Dünya 27-11-2025, 11:03

"Tramp NATO üzrə müttəfiqləri ilə hesablaşmır"

"Tramp NATO üzrə müttəfiqləri ilə hesablaşmır"
ABŞ prezidenti Donald Trampın və Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndələri – Uİtkoff və Uşakov arasında Rusiya–Ukrayna müharibəsinə dair aparılan danışıqların mətninin mətbuata sızdırılması, geosiyasi proseslərin nəzarətə götürülməsi və tərəflərarası mübarizənin bir elementi kimi qiymətləndirilir. Məlumatların sızdırılması ilə bağlı müxtəlif versiyalar irəli sürülür və sızmada Avropanın, Britaniyanın, Rusiyanın, eləcə də ABŞ-ın özü maraqlı olması ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Bunu politoloq Vüqar Dadaşov deyib.

"Əvvəla qeyd edim ki, həmin danışıqların mətninin sızdırılmasında Rusiyanın hansısa siyasi maraqlarının və ya psixoloji hədəflərinin olması o qədər də inandırıcı görünmür. Çünki təqdim olunan 28 maddəlik sülh sazişindəki, əslində Ukraynanın qeyri-şərtsiz kapitulyasiya aktındakı müddəalar tam şəkildə Rusiyanın əvvəldə elə irəli sürdüyü tələbləri əhatə edirdi və Moskva bu tələbləri açıq şəkildə dünya ictimaiyyətinə çıxarmaqla özünə qarşı beynəlxalq ittifaqın birləşməsinə, planlarının reallaşmasına maneənin yaranmasına maraqlı ola bilməz" - deyib politoloq.

O, qeyd edib ki, Böyük Britaniyanın bu məlumatların sızdırılmasında maraqlı olması versiyaları mövcud olsa da, düşünürəm ki, belə ağır şərtli sazişin özü Rusiyanın gücünün, psixoloji üstünlüyünün sübutu kimi Böyük Britaniyanın sızmada iştirakını şübhə altına alır.

Nədənsə, Uİtkoffla Uşakov arasında keçirilən məxfi danışıqların mətbuata sızdırılmasında iki əsas qüvvə nəzərə alınmır:

"Birincisi, diqqətdən kənarda qalan, lakin çox real ehtimal olan Çin kəşfiyyatının marağıdır. Çin ümumiyyətlə bu danışıqların pozulmasında və müharibənin davam etməsində geosiyasi faydalar görür. Buna görə də Çinin bu məlumatı Rusiya ilə müttəfiqlik çərçivəsində əldə edib mətbuata sızdırması mümkündür.

İkincisi, İsrailin bu məlumatları əldə etməsi və mətbuata ötürməsi ehtimalıdır. Çünki Ukrayna–Rusiya müharibəsinin davam etməsi İsrailə Yaxın Şərqdə öz strateji hədəflərini reallaşdırmaq üçün əlavə imkan yaradır və diqqəti öz üzərindən yayındırır, onu arxa plana keçirir. Buna görə də sızdırmada İsrailin maraqlı olması ehtimalı da ciddi əsaslara söykənir.

Lakin mənim fikrimcə, ən tutarlı və əsaslı ehtimal, bu məlumatın birbaşa ABŞ tərəfindən sızdırılmasıdır. Niyə?

Çünki təqdim olunan sülh sazişinin müddəaları elə Rusiyanın əvvəllər irəli sürdüyü şərtləri özündə birləşdirirdi və layihənin Tramp hakimiyyətinə Moskvadan ötürüldüyünə dair əsaslı arqumentlər olduğundan, Trampa qarşı həm ABŞ daxilində, həm də NATO müttəfiqlərinin kəskin basqıları fonunda Trampın layihədən imtina etməsi üçün yeni vəziyyət zərurəti yaranmışdı.

Deyiləndə ki, guya Tramp NATO üzrə müttəfiqləri ilə hesablaşmır, bu, qlobal siyasi proseslərin səthi analizindən irəli gəlir. Bu səbəbdən ABŞ-dan danışıqların pozulması üçün müəyyən addımlar atılması gözlənilən idi.

Sızdırmanın ABŞ tərəfindən həyata keçirilməsi versiyası daha real görünür – həm danışıqların baş tutmasının qarşısını almaq, həm də proseslə bağlı ABŞ-a yönəlmiş şübhələri neytrallaşdırmaq üçün.

Digər vacib məqam isə budur ki, təqdim olunan bu 28 maddəlik sənəd faktiki olaraq Ukraynanın kapitulyasiyası anlamına gəlirdi və Avropa dövlətləri – xüsusən Almaniya, Britaniya və digər əsas oyunçular – bu sənədin qəbul olunmasına qətiyyətlə qarşı çıxırdılar. Bu fon isə ABŞ-ın prosesi sabotaj etməkdə motivasiyasını daha da gücləndirirdi.

Bu gün Donald Trampın açıqlamalarında sızdırılmanın mümkünlüyü barədə verdiyi eyhamlar, Ukraynanın müəyyən məcburi addımlara yönləndirilməsi barədə səsləndirdiyi fikirlər də göstərir ki, məlumatların məhz ABŞ tərəfindən sızdırılması versiyası digər bütün ehtimallardan daha güclüdür".

Nəsimi

Xəbər lenti