Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra sülh üçün xeyli təşəbbüslər göstərib addımlar atsa da, Ermənistan cəmiyyətində bunun əksi müşahidə olunur. Revanşistlərin artması, müxalifətin, Qarabağ klanının əlaltılarının sülh prosesinə qarşı çıxışları bu gün də müşahidə olunur.
Belə fəallardan biri də ölkənin tanınmış araşdırmaçı jurnalistlərindən olan Voskan Sarkisyandır.
O, "Mamul" nəşrində dərc olunan məqalədə yazıb ki, baş nazir Nikol Paşinyanın 9 may müraciətində deyilənlər mənasız fikirlərdir. Yəni guya hər iki xalq 2026-cı ilin 9 mayını Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh şəraitində qeyd etmir.
"Nikol Paşinyan ictimaiyyəti aldadır. Sülh yoxdur! Sadəcə daimi atəşkəs mövcuddur",- Sarkisyan yazıb.
O, qeyd edib ki, istənilən vaxt atəşkəs pozula bilər. Erməni jurnalist Azərbaycanı gözdən salan sərsəm fikirlər də səsləndirib. Guya rəsmi Bakı güc təhdidi altında Ermənistandan daim güzəştlər tələb edəcək və əgər Nikol Paşinyan hakimiyyətdə qalarsa, o, Azərbaycanın tələblərini yerinə yetirməyə davam edəcək. Voskan Azərbaycanda cəza çəkən separatçıları, hərbi caniləri məhbus əvəzinə "əsir" kimi qələmə verib: "Azərbaycan Ermənistan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsini, 300 000 azərbaycanlının Qərbi Azərbaycana qayıtmasını və sair tələblərini gizlətmir. Daim baldan danışmaqla ağız şirinləşmir. Sülhdən də tez-tez danışmaqla o, sülh yaratmayacaq".