"İnsanlar "MV Hondius" laynerindəki xəstəlik alovlanmasına göstərilən yüksək diqqət səbəbindən hantavirusa yoluxma risklərini şişirdə bilərlər".
Ümumdünya Səhiyyə Təşkilatının epidemiya və pandemiyalara hazırlıq və onların qarşısının alınması üzrə direktor vəzifəsini icra edən Mariya Van Kerkxove brifinq zamanı bildirib.
O, baş verənlərlə bağlı vətəndaşlara izahat verilməsinə çağırış edib. Təşkilat rəsmisi insanların riskin artdığını düşünə biləcəyini, lakin vəziyyətin belə olmadığını qeyd edib.
O izah edib ki, hazırda qurum laynerdə olan bütün şəxsləri yüksək riskli təmas qrupuna aid edir, lakin onlar ilk növbədə bir-birləri üçün təhlükə yaradırlar. Həmin şəxslər artıq xəstələnmiş insanlardan yoluxa bilərdilər, lakin hələlik onlarda hantavirusun simptomları özünü büruzə verməyib.
Xəstəliyin yayılması barədə ilk məlumat mayın 4-də yayılıb. "MV Hondius" layneri Atlantik okeanı vasitəsilə Argentinadan Kabo-Verdeyə reys həyata keçirərkən sərnişinlərin bir hissəsində ağır respirator xəstəlik əlamətləri yaranıb. Media orqanlarının məlumatına görə, virus laynerə Argentinadan düşə bilərdi.
Ekspedisiya zamanı gəmidə azı səkkiz nəfər yoluxub, onlardan üçü, o cümlədən Niderland və Almaniya vətəndaşları həyatını itirib. Aprelin 24-də, göyərtədə qeydə alınan ilk ölüm halından iki həftə sonra, dünyanın müxtəlif ölkələrindən olan azı 12 nəfər layneri tərk edib. Hazırda infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün həmin şəxslərin operativ şəkildə tapılmasına və yoxlanılmasına çalışılır.