Azərbaycanın müasir tarixində 15 iyun 1993-cü il xüsusi əhəmiyyətə malikdir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, eyni zamanda dövlətçiliyimizin xilası, sabitliyin bərpası və inkişaf yolunun müəyyənləşdirilməsi ilə yadda qalmışdır. Həmin gün xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəni dərin böhrandan çıxarmaq istiqamətində atılan ən mühüm addım oldu. Sonralar bu tarix Milli Qurtuluş Günü kimi qeyd edilməyə başlandı və Azərbaycanın taleyində dönüş nöqtəsi kimi tarixə düşdü.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan çox ağır və ziddiyyətli bir dövr yaşayırdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkə daxilində siyasi çəkişmələr, hakimiyyət böhranı, iqtisadi tənəzzül və anarxiya hökm sürürdü. Dövlət institutları zəif idi, idarəçilik sistemi demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti ölkədə sabitliyi pozur, vətəndaş qarşıdurması təhlükəsi real xarakter alırdı. Belə bir şəraitdə Azərbaycanın müstəqilliyi və dövlətçiliyi ciddi təhlükə altına düşmüşdü. Ölkənin parçalanması, vətəndaş müharibəsinin başlanması və müstəqilliyin itirilməsi ehtimalı gündəmdə idi. Məhz bu ağır və taleyüklü məqamda xalq öz xilaskarını – zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi.
Ümummilli Lider Heydər Əliyev problemlərin həllində və dövlət quruculuğunda ictimai-siyasi sabitliyi əsas şərt kimi dəyərləndirirdi. Onun “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” fikri əslində müstəqil Azərbaycanın inkişaf fəlsəfəsini ifadə edirdi. Bu yanaşma təsadüfi deyildi; çünki 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, hakimiyyət boşluğu və qarşıdurmalar iqtisadiyyatın iflic vəziyyətinə düşməsinə, sosial problemlərin dərinləşməsinə səbəb olmuşdu.
Ulu Öndər Heydər Əliyev yaxşı anlayırdı ki, siyasi sabitlik olmadan heç bir islahat uğurla həyata keçirilə bilməz. Dövlət idarəçiliyində ardıcıllıq, qanunun aliliyi, ictimai asayiş və vətəndaş həmrəyliyi olmadan iqtisadi inkişaf proqramları kağız üzərində qala bilər. Buna görə də o, ilk növbədə ölkədə sabitliyin bərpasına nail oldu, vətəndaş qarşıdurmasının qarşısını aldı və dövlət institutlarının fəaliyyətini gücləndirdi. Məhz sabitliyin təmin olunması nəticəsində genişmiqyaslı sosial-iqtisadi layihələrin icrası mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ilk növbədə siyasi sabitliyin təmin olunmasına başlanıldı. Qısa müddət ərzində vətəndaş qarşıdurmasının qarşısı alındı, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət orqanlarının fəaliyyəti bərpa edildi. Hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiyanın qəbul edilməsi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını möhkəmləndirdi. Qanunun aliliyi prinsipi təsbit olundu, insan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Bununla da Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atmağa başladı.
Ulu Öndərin ən mühüm xidmətlərindən biri də Azərbaycanın iqtisadi əsaslarını möhkəmləndirməsi oldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin enerji resurslarının beynəlxalq bazara çıxarılması üçün geniş imkanlar yaratdı. Bu müqavilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, xarici investisiyaların cəlb olunmasına şərait yaratdı və uzunmüddətli iqtisadi inkişafın təməlini qoydu. Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəyə böyük həcmdə maliyyə vəsaiti daxil oldu, infrastruktur layihələri reallaşdırıldı, sosial-iqtisadi sabitlik möhkəmləndi. Azərbaycan tədricən regionun aparıcı dövlətlərindən birinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirdi. O, müxtəlif geosiyasi mərkəzlər arasında tarazlığı qoruyaraq milli maraqlara əsaslanan müstəqil siyasət yürüdürdü. Azərbaycan həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurdu. Nəticədə ölkəmiz beynəlxalq təşkilatlarda layiqli yerini tutdu, regionda mühüm geosiyasi aktora çevrildi. Azərbaycanın səsi dünya miqyasında eşidilməyə başladı, dövlətimizin suverenliyi və müstəqilliyi möhkəmləndi.
Ulu Öndərin fəaliyyətində milli birlik və həmrəylik xüsusi yer tuturdu. O, azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bu ideoloji xətt xalqın öz dövlətinə inamını artırdı, milli kimliyin və dövlətçilik şüurunun güclənməsinə səbəb oldu.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası sonrakı dövrlərdə də davam etdirilərək Azərbaycanın daha da güclənməsinə xidmət etdi. Onun siyasi kursu ölkənin sabitliyini, iqtisadi inkişafını və beynəlxalq nüfuzunu təmin edən əsas xətt kimi öz aktuallığını qoruyub saxladı. Bu gün Azərbaycan regionun ən güclü və dinamik inkişaf edən dövlətlərindən biridir. Dövlətçiliyimizin möhkəm təməli, sabit siyasi sistem və müstəqil xarici siyasət məhz Ulu Öndərin uzaqgörən və qətiyyətli fəaliyyətinin nəticəsidir.
Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün əhəmiyyəti bu gün də ən yüksək səviyyədə dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə demişdir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Bu fikir bir daha təsdiqləyir ki, 15 iyun 1993-cü il təkcə siyasi hadisə deyil, dövlətçiliyimizin xilası və gələcək inkişafının başlanğıcı olmuşdur. Həmin dövrdə ölkənin üzləşdiyi ağır sınaqlar, daxili çəkişmələr və xarici təzyiqlər fonunda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin qətiyyətli addımları Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi.
15 iyun 1993-cü il Azərbaycanın tarixində dönüş nöqtəsi, dövlətçiliyimizin xilası günü kimi əbədi həkk olunmuşdur. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidməti ölkəni parçalanmaq və məhv olmaq təhlükəsindən qurtarması, müstəqil Azərbaycan dövlətinin əsaslarını möhkəmləndirməsi olmuşdur. Onun siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli maraqlara söykənən inkişaf strategiyası Azərbaycan xalqı üçün daim yol göstərici olaraq qalacaqdır. Ulu Öndərin əbədi və unudulmaz xidməti müstəqil Azərbaycanın bugünkü uğurlarında və gələcək inkişafında yaşayır.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi