Natiq Bağırov: “Dövlət və diaspor təşkilatlarının sıx əməkdaşlığı Azərbaycan dilinin və mədəniyyətinin xaricdə daha geniş təbliğinə şərait yaradır”
Ana dili hər bir xalqın milli kimliyinin, mədəni irsinin və mənəvi dəyərlərinin qorunub yaşadılmasında əvəzsiz rol oynayır. Qloballaşma dövründə xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan dilinin qorunması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə həm Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət, həm də diaspor təşkilatlarının fəaliyyəti mühüm nəticələr verir. Belarusda fəaliyyət göstərən Azərbaycan icması da ana dilimizin təbliği və milli-mədəni dəyərlərimizin yaşadılması istiqamətində ardıcıl iş aparır. “Belarusun Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırovla söhbətimizdə ana dilinin milli kimliyin formalaşmasındakı rolu, Belarusda fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin əhəmiyyəti, xaricdə yaşayan azərbaycanlıların qarşısında duran vəzifələr, eləcə də Azərbaycan dilinin gələcəyi ilə bağlı fikirlərini öyrəndik.– Sizcə, ana dili insanın milli kimliyinin formalaşmasında hansı rolu oynayır?
– Ana dili hər bir xalqın milli-mənəvi sərvətidir və insanın milli kimliyinin formalaşmasında mühüm rol oynayır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, mədəniyyətini, adət-ənənələrini və dəyərlərini yaşadan əsas amildir. İnsan ana dili vasitəsilə öz köklərini tanıyır, milli mənsubiyyətini dərk edir və vətəninə bağlılığını qoruyub saxlayır. Xaricdə yaşayan azərbaycanlılar üçün isə ana dili milli kimliyin qorunmasının ən vacib sütunlarından biridir.
– Bildiyiniz kimi, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, həmçinin Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin Belarusda Azərbaycan dilinin təbliğində nə kimi rolu var?
– Hər iki mərkəzin fəaliyyəti Azərbaycan dilinin, mədəniyyətinin və tarixinin Belarusda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mərkəzlər vasitəsilə tələbələr Azərbaycan dili öyrənir, ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olurlar. Müxtəlif konfranslar, mədəni tədbirlər, sərgilər və elmi layihələr Azərbaycan-Belarus münasibətlərinin inkişafına, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bu mərkəzlər Belarus cəmiyyətində Azərbaycan haqqında obyektiv və dolğun təsəvvürün formalaşmasına mühüm töhfə verir.
– Xaricdə yaşayan azərbaycanlılara ana dilini qorumaq üçün hansı tövsiyələri verərdiniz?
– İlk növbədə, ailədə Azərbaycan dilində danışmaq ən vacib məsələlərdən biridir. Uşaqların kiçik yaşlarından ana dilində ünsiyyət qurması onların milli kimliklərini qorumasına kömək edir. Bununla yanaşı, Azərbaycan dilində kitabların oxunması, milli mədəniyyət tədbirlərində iştirak, həftəsonu məktəblərinin və dil kurslarının təşkili də mühüm əhəmiyyət kəsb edir. Müasir texnologiyalar da bu sahədə geniş imkanlar yaradır. Azərbaycan dilində televiziya proqramlarını izləmək, internet resurslarından istifadə etmək və sosial şəbəkələrdə ana dilində ünsiyyət qurmaq dilin yaşadılmasına xidmət edir.
– Azərbaycan dövlətinin xaricdə Azərbaycan dilinin qorunması ilə bağlı addımlarını necə qiymətləndirirsiniz?
– Azərbaycan dövləti son illərdə xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Diaspor təşkilatlarına göstərilən dəstək, həftəsonu məktəblərinin fəaliyyətinin təşviqi, Azərbaycan dili və mədəniyyət mərkəzlərinin yaradılması, həmçinin müxtəlif təhsil və mədəni layihələrin reallaşdırılması bu siyasətin mühüm tərkib hissəsidir. Hesab edirəm ki, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər xaricdə yaşayan azərbaycanlıların öz milli kimliklərini qoruyub saxlamalarına mühüm töhfə verir.
– Sizcə, Azərbaycan dövlətinin və diaspor qurumlarının bu istiqamətdə əməkdaşlığı hansı nəticələri verə bilər?
– Dövlət və diaspor təşkilatlarının sıx əməkdaşlığı Azərbaycan dilinin və mədəniyyətinin xaricdə daha geniş təbliğinə şərait yaradır. Bu əməkdaşlıq nəticəsində yeni tədris layihələri həyata keçirilə, mədəniyyət mərkəzlərinin fəaliyyəti genişləndirilə və gənc nəslin ana dilinə marağı artırıla bilər. Eyni zamanda, vahid fəaliyyət strategiyası xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu əməkdaşlığın əsas nəticəsi milli birliyin güclənməsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha effektiv çatdırılması olacaq.
– Azərbaycan dilinin gələcəyi ilə bağlı fikirləriniz və arzularınız nələrdir?
– Azərbaycan dilinin gələcəyinə böyük nikbinliklə baxıram. Dilimiz zəngin tarixi, geniş ifadə imkanları və güclü ədəbi ənənələri ilə xalqımızın ən böyük sərvətlərindən biridir. Arzum budur ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini qorusun, onu öyrənsin və gələcək nəsillərə ötürsün. İnanıram ki, dövlətimizin dəstəyi, diaspor təşkilatlarının fəaliyyəti və soydaşlarımızın səyləri nəticəsində Azərbaycan dili beynəlxalq aləmdə daha geniş tanınacaq, nüfuzu daha da artacaq və gələcək nəsillər üçün etibarlı şəkildə qorunub saxlanılacaq.
Cavid Şahverdiyev
Müsahibə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.