Vaşinqton və Tehran arasında danışıqlar davam etdiyi müddətdə İran müxalifət nümayəndələrni həbs etməyə başlayıb.
Bu addım isə İranda yeni aksiyaların başlamasına gətirib çıxara bilər
Bəs, hazırda İranda proseslər hansı istiqamətdə irəliləyir? Yaxın perspektivdə nələr gözlənilir?
İranlı ictimai fəal və tədqiqatçı Elyar Makuyi Planetinfo.az-a açıqlamasında bildirib ki, mövcud əməliyyatlardan sonra ölkədə azad müxalif fiqur qalmayıb.
İctimai fəal qeyd edib ki, bu səbəbdən ölkə daxilində yeni və daha genişmiqyaslı etirazlar başlaya bilər.
Makuyi bu və oxşar hərəkətlərin İrana xarici mühasirədən daha çox zərər verdiyini bildirib:
“İnqilabdan sonrakı kəşfiyyat bölməsini yenidən quran İbrahim Əsgərzadə islahatçı lider Azər Mənsuri, Hüseyn Eminzadə, Cavad İmam və həbsdə olan Mehdi Kərrubinin oğlu da daxil olmaqla bütün müxalifət xadimlərini həbs edilib. Əməliyyat İnqilab Keşikçiləri tərəfindən həyata keçirilib. Cəmiyyətdə çox böyük tərəfdarı olan bu xadimlərin həbsi və susdurulması ölkəyə ABŞ-İsrail raketlərindən daha çox zərər verir. Onsuz da həssas olan balans daha da kövrəkləşə bilər”.
Makuyi vurğulayıb ki, həbs edilənlərə qarşı irəli sürülən ittihamlər çox ciddidir:
"Həbsdə olanlara qarşı irəli sürülən xəyanət ittihamları çox ciddidir, çünki onlardan bəziləri keçmişdə kritik vəzifələr tutublar. Hazırda çevrilişlə bağlı geniş şayiələr yayılır. Molla rejimi bu ritorikadan müxalifəti yatırmaq üçün istifadə etsə də, islahatçılar iddia edirlər ki, əsl məsələ ölkənin Yəmən, Suriya, İraq və Livandakı resurslarının israf edilməsidir.
Onlar mövcud vəziyyəti qonşularla problemli münasibətlərdən, şiə ayparası xəyalından və rejimi qonşu ölkələrə ixrac etmək ambisiyasından qaynaqlandığı kimi izah edirlər və haqlıdırlar. Rejim hələ də xaricdə günahkar axtarır. Özünütənqidlə məşğul olmur, “Harada səhv etdik?” sualını vermir. Bu, onun süqutunu daha da sürətləndirən amildir”, - deyə o bildirib.