“Nəzəriyyə baxımından Türkiyə-Ermənistan sərhədlərinin açılması və bu siyasi hadisənin İrəvan ilə Bakı arasında yekun sülh müqaviləsinin bağlanmasını qabaqlaması, heç şübhəsiz ki, Ermənistan üçün avantaj hesab olunur. Ermənistan belə bir fürsəti öz xeyrinə istifadə edə bilər”.
Bunları
Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, qarşıdakı 6 ay ərzində Türkiyə tərəfi Ermənistanla sərhədlərini açmaq variantını nəzərdən keçirir:
“Ermənistan tərəfi isə bu istiqamətdə bütün texniki və digər məsələlərin hazır olduğu haqda məlumat yayıb. Amma, iki ölkə arasında sərhədlərin açılması ilə bağlı, Bakı və Ankaranın mövqeyində şərtlər mövcuddur. Türkiyə dövləti, sərhədin açılmasını yalnız Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması və həmçinin sərhədlərin delimitasiya prosesi tamamlandıqdan sonra mümkün ola biləcəyi haqda, şərt olaraq Ermənistan tərəfinə bəyan edib. Belə bir vəziyyətdə sərhədin açılma prosesi simvolik xarakter daşıyacaq və yalnız məhdud sayda əsasən tranzit yüklərin daşınmasına imkan yaradıla bilən bir proses həyata keçirilə bilər. Bu da qurulmaqda olan əlaqələrin normallaşma dövrünə qədəm qoyulması kimi dəyərləndirilə bilər”.
Çingiz Şahbazi qeyd edib ki, bütün bunlar Ankara və Bakı arasında müzakirə olunub və bu istiqamətdə atılan addımlar iki ölkə arasında razılaşdırılmış addımlardır:
“Əlbətdə ki məhz bu proses həyata keçirildikdən sonra, Ermənistan tərəfi sülh sazişi və delimitasiya məsələsinə daha ciddi və təcili yöndən yanaşacaq. Hesab etmək olar ki, proseslər mərhələli normallaşma strategiyasına uyğun olaraq aparılır”.
Anar