Siyasət 5-12-2025, 19:10

Parlamentdə təmsil olunmayan partiyaların maliyyə vəsaiti artırılsın



"Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi, təminat altına alınması müsbət tendensiyadır. Yeni qanun qəbul olunanadək əvvəlki düzəlişlərdə parlament partiyalarına dövlət tərəfindən pul ayrılması vardı. Parlamentdən kənarda qalan partiyalarda da o hal mümkün idi ki, seçkilərdə iştirak edən partiyalar 3 faiz baryeri keçməli idi. Bu da Seçki Məcəlləsi ilə uyğunlaşmırdı. Çünki parlament seçkilərində partiyaların baryerlə bağlı heç bir müddəa yoxdur. Lakin indi parlamentə düşə bilməyən partiyalara da maliyyə ayrılır. Bunun məbləği o qədər azdır ki, texniki və dəftərxana xərclərinin ödənilməsinə yetməz".

Bunları Planetinfo.az-a AMİP liderinin köməkçisi Əli Orucov parlamentdə təmsil olunmayan partiyalara dövlət vəsaitinin artırılması təklifinə münasibət bildirərkən səsləndirib. O deyib ki, bu məbləğ dəfələrlə artırılmalıdır:

"Siyasi partiya formalizmdən çıxaraq real işlək qüvvəyə çevrilə bilsin. Ölkənin ictimai siyasi həyatında aktiv olsun. Mən Milli Məclisdə müzakirələr zamanı deputat Səyavuş Novruzovun partiyalara dövlət büdcəsindən ayrılan maliyyənin artırılması təklifini dəstəkləyirəm. Yerində qaldırılmış təklifdir. Həmçinin Ədalət Partiyasının sədri M.Rəhimlinin də fikirlərinə haqq qazandırıram. Düşünürəm ki, hər iki siyasətçi aktual mövzulardan olan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini qabartmaqla siyasi təsisatların dövlətçilikdə nə qədər önəm daşıdığını bir daha diqqətə çatdırıblar. Digər bir vacib məsələ isə partiyaların müstəqil maliyyə qaynaqlarına əlçatan olmasıdır. Bu sahədə isə təssüflər olsun ki, ciddi problemlər hələ də qalmaqdadır".

Anar

Xəbər lenti