Siyasət 6-12-2025, 15:30

Rusiyada müharibənin əsas yükünü daşıyanlar – niyə məhz milli azlıqlar daha çox itki verir?

Rusiyada müharibənin əsas yükünü daşıyanlar – niyə məhz milli azlıqlar daha çox itki verir?
Rusiya mediasında yayılan, yaxınların açıqlamaları, dəfn elanları, məzar fotoları və digər təsdiqlənmiş mənbələrə görə 24 fevral 2022-ci ildən 4 dekabr 2025-ci il tarixinə kimi Ukrayna savaşında 153 171 rusiyalı hərbçi həlak olub. Şübhəsiz ki, bu rəqəm minimum rəqəmlərdir, çünki heç də bütün ölüm halları dərc olunmur. Tsədiqlənmiş itkilərin regional bölgüsü isə idəgr olduqca vacib bir faktı ortaya qoyur. Ən çox ölüm halları milli respublikaların və yüksək səfərbərlik səviyyəsinə malik sıx məskunlaşmış bölgələrin payına düşür. Ən yüksək göstəricilər cənub və Qafqaz regionunda - Dağıstan, Şimali Osetiya, Çeçenistan və Başqırdıstanda müşahidə olunur. Səfərbərliyin xüsusilə geniş yayıldığı Buryatiya, Yakutiya və Tuvada da ciddi itkilər baş verib.

Bu onu göstərir ki, itkilərin strukturunda rus olmayan xalqların – Sibir, Ural, Şimal, Orta Asiya mənşəli yerli toplumların, eləcə də Şimali Qafqaz və Volqaboyu regionlarının nümayəndələrinin payı qeyri-proporsional dərəcədə yüksəkdir. Bu tendensiya təkcə təsadüf deyil, Rusiya içində sosial-iqtisadi, etnodemosqrafik və siyasi mexanizmlərin nəticəsi kimi özünü göstərir.

Birincisi, bu bölgələr sosial-iqtisadi baxımdan ən zəif inkişaf etmiş, işsizliyin yüksək, gəlir səviyyəsinin aşağı olduğu ərazilərdir. Məhz buna görə hərbi xidmət müqabilində təklif olunan maaş və kompensasiyalar bu regionların sakinləri üçün daha cazibədar görünür. Moskva, Sankt-Peterburq kimi iqtisadi mərkəzlərdə insanlar alternativ qazanc imkanlarına malik olduqları halda, ucqar regionlarda yaşayanlar üçün ordu bəzən yeganə gəlir əldə etmək imkanı rolunu oynayır. Bu isə onların müharibəyə daha çox cəlb olunmasına səbəb olur.

İkincisi, mərkəzi hakimiyyət üçün siyasi risk amili vacibdir. Paytaxtlarda minlərlə hərbi tabutun qayıtması ciddi narazılıq yarada, Rusiya daxilində siyasi sabitliyi poza bilər. Lakin etnik azlıqların yaşadığı regionlarda belə narazılıqlar ölkə üzrə rezonans yaratmır və hakimiyyət bunu daha idarəolunan hesab edir. Bu səbəbdən çağırış və səfərbərlik kvotaları faktiki olaraq qeyri-bərabər paylanır.

Üçüncüsü, demoqrafik məsələdir. Bir çox yerli xalqlar onsuz da say baxımından azdır, onların genefondu zəifdir. Müharibədə onların nisbətən çox itki verməsi bütöv etnosların gələcəyini təhlükə altına qoyur. Bəzi hallarda hətta “demoqrafik soyqırım” anlayışı müzakirəyə çıxarılır. Çünki bir neçə yüz və ya min nəfərin itkisi müəyyən xalqlar üçün tarazlığı dəyişən ciddi zərbədir.

Dördüncüsü, informasiya blokadası və siyasi təzyiqlər səbəbindən bu regionlarda səfərbərliyə qarşı müqavimət çox zəifdir. Əhali həm informasiya baxımından təcrid olunub, həm də hüquqi təzyiqlərdən çəkinir. Bu isə onların “qurban” kimi istifadə edilməsinə səbəb olur.

Nəticə etibarilə, Rusiya daxilində müharibə yükünün qeyri-proporsional paylanması həm sosial ədalət, həm də insan hüquqları baxımından ciddi problem doğurur. Əgər tendensiya bu şəkildə davam etsə, Rusiya uzunmüddətli dövrdə etnik tərkibində balanssızlıq, regionlarda sosial partlayış riski və milli azlıqların demoqrafik tükənməsi ilə üz-üzə qala bilər. Bu isə özü-özlüyündə yeni siyasi, iqtisadi və mədəni böhranların başlanğıc nöqtəsi ola bilər.

Rəşad Bayramov
Politoloq

Xəbər lenti