Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın Avropa İttifaqına qəbulu üzrə danışıqların başlanması perspektivlərinin müzakirəsi üçün Lvovda dekabrın 11-də nazirlər səviyyəsində qeyri-rəsmi görüş keçirəcək.
Planetinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının Danimarka sədrliyinin bəyanatında bildirilib.
Avropa Komissiyası görüşdə genişlənmə üzrə Avropa komissarı Marta Kosun da iştirak edəcəyini bəyan edib.
Həmçinin, AK-nin nümayəndəsi Giyom Mersye bəyan edib ki, Ukraynanın Aİ-yə daxil olma müddəti islahatların həyata keçirilməsindən asılıdır. Bununla yanaşı, Ukrayna hökuməti 2028-ci ilin sonuna qədər giriş danışıqlarını tamamlamaq niyyətində olduğunu bildirib.
"Müharibəyə baxmayaraq, Ukrayna skrininqi uğurla başa çatdıraraq və əsas islahatlarda irəliləyiş əldə edərək Aİ-yə daxil olmaq yoluna sadiq qalmaqda davam edir," – Mersye deyib.
Onun sözlərinə görə, Ukrayna hüququn aliliyi, dövlət idarəçiliyi və demokratik institutların fəaliyyəti üzrə yol xəritələrini, həmçinin Komissiyanın müsbət qiymətləndirdiyi milli azlıqlar üzrə fəaliyyət planını qəbul edib.