Sosial 6-11-2025, 10:44

Bu paradla Azərbaycan güclü orduya malik dövlət olduğunu dünyaya bəyan edəcək

Bu paradla Azərbaycan güclü orduya malik dövlət olduğunu dünyaya bəyan edəcək
“Bu paradla Azərbaycan dünyaya suverenliyini və ərazi bütövlüyünü bərpa edən qalib dövlət, qalib orduya malik ölkə olduğunu göstərəcək. Paradda ordumuzun sahib olduğu yeni silahlar da cəmiyyətə, eyni zamanda dünyaya nümayiş ediləcək”.

Bu fikirləri Planetinfo.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli İkinci Qarabağ Müharibəsində əıdə etdiyimiz tarixi zəfərimizin 5 illiyi münasibətilə keçiriləcək hərbi paradın əhəmiyyətindən danışarkən səsləndirib. İctimai birlik sədri qeyd edib ki, bu paradla Azərbaycan İkinci Dünya Müharibəsindən bu yana öz ərazi bütövlüyü və suverenliyini bərpa edən yeganə ölkə və güclü orduya malik dövlət olduğunu dünyaya bəyan edəcək:

“Bu tarixi zəfərimizdən sonra keçirilən üçüncü paraddır. Birinci parad 10 dekabr 2020-ci ildə Azadlıq meydanında, ikinci parad suverenliyimizin bərpasından sonra 2023-cü ilin 8 noyabrında Xankəndi şəhərində keçirildi. Bu isə sayca üçüncü paraddır. Emin Həsənli onu da qeyd edib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, nümayiş etdirdiyi peşəkarlıq, eləcə də cəmi bir sutka davam etməyən antiterror əməliyyatları dünya hərb akademiyaları tərəfindən öyrənilir:
“Biz ordumuzla fəxr edir və qürur duyuruq. Gələcək nəsillər də eyni fəxarət hissi ilə ordumuzla qürur duyacaq ki, məhz həmin ordunun şücaəti nəticəsində qalib dövlətin vətəndaşlarıdırlar”.

İctimai birlik sədri, “Bu yaxınlarda Çində də parad keçirildi. Bildiyimiz kimi Çin dünyanın ən güclü ölkələrindən biridir. Əhalisinin sayına görə Hindistandan sonra ikinci, ərazisinə görə isə dünyada ilk üçlükdə qərarlaşır. Hər zaman dünya üçün böyük güc olduğunu nümayiş etdirib. Ancaq Çinin hələ də Tayvan kimi problem var. Yaxud Hindistan-Pakistan, Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi, Rusiya-Ukrayna müharibəsi, eləcə də bu kimi faktları sadalamaq olar. Ancaq bütün bunlardan fərqli olaraq Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib ki, bu da qürurverici haldır”,-deyə vurğulayıb.

Füzuli

Xəbər lenti