Dünya 18-12-2025, 08:11

"ABŞ üçün əsas hədəf Çindir"

"ABŞ üçün əsas hədəf Çindir"
Rusiya–Ukrayna müharibəsində Rusiyanın planlaşdırdığı bir həftəlik qələbənin məğlubiyyətə çevrilməsinin qarşısını ABŞ aldı. Əlbəttə ki, bu, ABŞ-ın qlobal planları və geosiyasi maraqları ilə bağlıdır. ABŞ üçün əsas hədəf hələ ki, Çindir. Şübhə yoxdur ki, Rusiya Ukraynada məğlub olarsa, bu, Rusiyanın parçalanmasını sürətləndirəcək və prosesdən ən çox qazanan məhz Çin çıxacaq - həm ərazi, həm təbii ehtiyatlar, həm də ümumilikdə geosiyasi baxımdan. Ərazisini, iqtisadiyyatını və texniki imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən Çinlə rəqabətdə ABŞ-ın uduzması isə qaçılmaz olacaq.

Planetinfo.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, ümumiyyətlə, (1689-cu il Nerçinsk müqaviləsi, 1858-ci il Aygun müqaviləsi, 1864-cü il Tarbağatay protokolu, 1960-cı illər SSRİ–Çin sərhəd toqquşmaları) nəticəsində Rusiya Çindən orta hesablamalara görə 1,3 milyon kv.km ərazi əldə edib. Çin isə Rusiyanın Şərqinə iddiasını açıq nümayiş etdirməsə də, Çin elitası tarixi torpaqlardan imtina etməyib. Hətta 2008-ci ildə Çin Rusiyadan bəzi ərazi və adaları geri qaytara bilib. Rusiyanın Ukraynada müharibəni davam etdirməsi, təbii ki, Çindən asılılığını dərinləşdirir və Çinin də prosesin sonuna böyük hesablamaları var.

Donald Tramp administrasiyası Rusiya–Ukrayna müharibəsində elə bir vəziyyət yaradır ki, Avropa və digər müttəfiqlər Rusiyanın daimi təhlükəsini hiss etsin və nəticədə öz iqtisadi maraqlarını təmin edə bilsin. Rusiyanın iqtisadiyyatına qarşı tətbiq olunmuş sanksiyalar Avropanın enerji daşıyıcıları ilə təmin olunmasında onu ABŞ və onun faktiki kolonial nəzarətində olan digər ölkələrdən daha asılı vəziyyətə gətirir. Bu da ABŞ-ın Avropa ölkələrinə həm iqtisadi, həm də ciddi siyasi təzyiq göstərməsinə imkan verir. Hətta ABŞ NATO-dan çıxmaq hədəsi ilə Avropadan əslində daha çox güzəştlər əldə etmək niyyətini güdür. Söz yox ki, ABŞ Avropanı təhlükəsizlik çətirindən kənarlaşdıran deyil; sadəcə, bu üsulla Avropadan həm siyasi, həm də iqtisadi qazanc əldə edir, asılılığı dərinləşdirir:

"İllər öncə Fransa prezidenti Makron Avropanın ABŞ-dan asılı olmayan təhlükəsizlik mexanizminin yaradılması barədə dəfələrlə çıxış etmişdi. Hal-hazırda Böyük Britaniya və Almaniya bu istiqamətdə ciddi addımlar atmağa başlayıb. Almaniya məcburi hərbi xidməti bərpa edir, hərbi sənayesini gücləndirir.

Proseslər göstərir ki, ABŞ üçün əsas hədəf Çindir və Vaşinqton Pekinə hər tərəfdən təzyiq göstərməyə çalışır. Çin–Tayvan, Çin–Yaponiya arasında artan gərginliyin də ABŞ tərəfindən idarə olunması şübhə doğurmur. Hətta ABŞ Çin–Venesuela, Çin–Hindistan və ən əsası Çin–Rusiya münasibətlərini pozmağa çalışır".

Nəsimi

Xəbər lenti