Dünya 19-12-2025, 09:55

Avropa artıq rahatlıq dövrünün sona çatdığını anlayır

Avropa artıq rahatlıq dövrünün sona çatdığını anlayır
Rusiya–Ukrayna müharibəsi Avropa üçün “Rusiya təhdidi” anlayışını abstrakt siyasi diskusiyyadan real və birbaşa təhlükə kateqoriyasına keçirib. Bu müharibə yalnız Ukraynanın taleyi ilə bağlı deyil, bütövlükdə Avropanın gələcək müdafiə və təhlükəsizlik planlarının formalaşmasında əsas müəyyənedici amilə çevrilib. NATO-nun strateji konsepsiyası artıq ehtimal olunan risklərə deyil, real müharibə ssenarilərinə əsaslanır.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, bu kontekstdə Alyansa üzv ölkələr üçün təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri müdafiə xərclərinin artırılmasıdır. NATO-nun müəyyən etdiyi çərçivəyə uyğun olaraq üzv dövlətlərin Ümumi Daxili Məhsulunun azı 2 faizini müdafiə sahəsinə yönəltməsi artıq tövsiyə deyil, faktiki zərurət kimi qəbul olunur. Avropa dövlətləri anlayır ki, kollektiv müdafiə mexanizmi yalnız siyasi bəyanatlarla deyil, real hərbi potensialla işlək ola bilər:

"Strasburqda Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenin çıxışı təkcə ritorik bəyanat deyil, Avropanın gələcək strateji kursunun açıq konturları idi. “Dünənki dünya artıq mövcud deyil”, “Avropa öz təhlükəsizliyini özü təmin etməlidir” və “başqalarının dünya görüşü bizim taleyimizi müəyyən etməməlidir” kimi ifadələr əslində post–“Pax Americana” dövrünə keçidin siyasi manifesti kimi səsləndi.

Bu çıxış bir reallığı etiraf edir: Avropa artıq ABŞ təhlükəsizlik çətiri altında rahatlıq dövrünün sona çatdığını anlayır. NATO-nun uzun illər təmin etdiyi “komfort zonası” dağılıb və transatlantik əməkdaşlıq əvvəlki avtomatik məna yükünü itirib. ABŞ-ın “America First” xətti, xüsusən Donald Tramp dövründən sonra daha açıq və sərt formada ortaya çıxıb. Fon der Leyenin “nostalgiyalara vaxtımız yoxdur” deməsi məhz bu reallığın qəbuludur".

Nəsimi

Xəbər lenti