“Avropa öz təhlükəsizliyini özü təmin etməlidir” tezisi Brüsselin müstəqil ordu və hərbi-sənaye kompleksinin formalaşdırılması istiqamətində atacağı addımların anonsudur. Bu, Avropanın yenidən qlobal geosiyasətdə müstəqil aktor kimi qayıtmaq niyyətindən xəbər verir. Lakin bu yol nə qısa, nə də problemsizdir.
Almaniya kansleri Fridrix Merzin “Pax Americana” dövrü bitdi” açıqlaması artıq Avropanın aparıcı güclərinin bu düşüncəni siyasi xəttə çevirdiyini göstərir. Merzin “Almaniya sıfırdan yenilənməlidir” ifadəsi isə təkcə Berlin üçün deyil, bütövlükdə Avropa modeli üçün dərin struktur böhranının etirafıdır.
Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
"NATO-nun baş katibi Mark Ruttenin açıqlamaları Avropanın təhlükəsizlik mühitinin nə qədər kəskinləşdiyini göstərir. “Rusiyanın növbəti hədəfi bizik” və “müharibə qapının ağzındadır” kimi ifadələr artıq ehtimal deyil, planlama səviyyəsində qəbul edilən ssenarilərin mövcudluğundan xəbər verir" - deyib politoloq.
Onun sözlərinə görə, Ruttenin vurğuladığı kimi, Rusiya təkcə açıq cəbhədə deyil, hibrid müharibə formatında sabotajlar, kiberhücumlar, infrastruktur hədəfləri üzərindən Avropaya qarşı gizli kampaniya aparır. Ukrayna müharibəsi bu təhlükənin laboratoriyası rolunu oynayır:
"Berlinin son qərarları Avropanın militarizasiya prosesinin real mərhələyə keçdiyini göstərir. 50 milyard avroluq modernləşmə paketi, “Puma” zirehli texnikaları, “Arrow-3” raket müdafiə sistemi, “Spock” peyk layihəsi və Rheinmetall-a verilən milyardlıq sifarişlər Almaniyanın İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi transformasiyasının göstəricisidir.
Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulduğu indiki mərhələdə Almaniyanın önə çıxması təsadüfi deyil. Lakin bu yüksəliş eyni zamanda ciddi narahatlıq doğurur. Nə Böyük Britaniya, nə ABŞ, nə anqlosakson siyasi dairələri, nə də Fransa Almaniyanın Avropada müstəqil və aparıcı hərbi-siyasi liderə çevrilməsini arzulayır. Bu mövqe tarixi təcrübə, strateji refleks və güc balansı qorxusundan qaynaqlanır".
Nəsimi