Putinin imperiya ambisiyaları artıq uzun müddətdir ki, beynəlxalq siyasi müzakirələrin mərkəzindədir və bu ambisiyalardan geri çəkilmək niyyətində olduğuna dair heç bir real əlamət müşahidə olunmur. Rusiya Prezidenti açıq şəkildə SSRİ-nin bərpasını xülya adlandırsa da, mahiyyət etibarilə Rusiyanın bir imperiya kimi mövcudluğunu qorumaq və postsovet məkanında, eləcə də dünyanın müxtəlif regionlarında təsir imkanlarını saxlamaq siyasətindən imtina etmir.
Bunu Planetinfo.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
O, qeyd edib ki, bu səbəbdən də Kreml imperiya maraqlarını artıq “SSRİ” adı altında deyil, birbaşa “Rusiya” brendi üzərindən formalaşdırmağa çalışır. Rəsmi Moskva bu mövqeyini gizlətmir, əksinə, açıq şəkildə bəyan edir və həm postsovet məkanında, həm Yaxın Şərqdə, həm də digər geosiyasi böhran ocaqlarında bunu praktik addımlarla nümayiş etdirir.
Bu kontekstdə Putinin və Kremlin, xüsusilə Rusiya-Ukrayna müharibəsində mövqeyini yumşaltdığına dair heç bir inandırıcı dəlil yoxdur. Davamlı sülhə dair səsləndirilən bəyanatlar real siyasi davranışla uzlaşmır və ciddi arqumentlərə söykənmir. Nəticə etibarilə Kremlin imperiya ambisiyaları həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır.
Kremlin bu imperiya maraqlarını necə cilovlamaq olar?
Problemin mürəkkəbliyi ondadır ki, Moskvanın bu siyasətini dolayı yolla stimullaşdıran və ondan geosiyasi alət kimi istifadə edən qüvvələr də mövcuddur:
"Xüsusilə çoxqütblü dünya nizamının formalaşmasında maraqlı olan güclər, xüsusən də başda Çin və İran olmaqla, BRİKS çərçivəsində birləşən bəzi ölkələr Rusiyaya Ukrayna müharibəsində dolayı dəstək verməklə prosesin uzanmasında maraqlıdırlar. Burada məqsəd Kremlin mütləq qələbəsi deyil, Qərbin mövcud hegemonluğunu zəiflətmək və çoxqütblü dünya modelini geriyədönməz prosesə çevirməkdir.
Xüsusən Çin üçün Rusiya-Qərb qarşıdurması Moskvanın tədricən zəiflədilməsi və Kreml üzərində strateji təsir imkanlarının artırılması baxımından əlverişli fürsət kimi dəyərləndirilir".
Nəsimi