"Ukrayna müharibəsi fonunda sülh gündəliyi ilə bağlı müxtəlif fikirlər və təkliflər irəli sürülür. Ən son 20 maddədən ibarət belə bir təkliflər paketini Ukrayna prezidenti Volodimir Zelenski təqdim etdi və həmin şərtlər hazırda demək olar ki, əsas müzakirə mövzusudur.
İlk növbədə onu qeyd etmək lazımdır ki, müharibə hazırda məqsədlərdən daha çox resursları tükəndirmək prinsipi əsasında davam etdirilir. Hər iki ölkə cəbhə xəttində bir-birinə qarşı situativ olaraq müəyyən üstünlüklər qursa da, yekun zərbə endirilə bilmir".
Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, Ukrayna Rusiya üzərində mütləq üstünlük qazana bilmir:
"Onun canlı qüvvəsi və texniki imkanları məhdud həddədir. Rusiyanın isə ordusu lazımı peşəkarlıq nümayiş etdirə bilmir, əldə edilən nisbi üstünlüklər isə məhz minlərlə itkilər hesabına reallaşır. Belə məqamda, Ukraynanın üzləşdiyi ağır hərbi-siyasi vəziyyət irəli sürülən müddəlar üzərində öz əksini tapır. Zelenski ölkəsinin tükəndiyini görərək münaqişənin dondurulmasına nail olmaq istəyir. O səbəbdən Rusiyanın işğal etdiyi ərazilərin, ən əsası Krımın adı şərtlərdə qeyd olunmur. Onlar da yaxşı başa düşür ki, indiki halda həmin əraziləri geri qaytarmaq mümkün deyil. Təbii ki, şərtlərə baxdıqda Rusiyanın bu təklifi qəbul etməyəcəyi bəllidir".
Pərviz Mirizadı qeyd edib ki, Moskva bundan əvvəl etdiyi tələblər çərçivəsində prinsipiallıq nümayiş etdirir:
"Donald Tramp da öz növbəsində Ukraynaya özünün irəli sürdüyü təklifləri qəbul etməklə əlaqədar təzyiqlər göstərir. Son olaraq Corc Buşla Putinin danışıqlarının məhz indiki şəraitdə ictimailəşdirilməsi dolayısı yolla Kiyevə təsir etmək kompaniyasının tərkib hissəsidir. Yekun olaraq onu qeyd etmək lazımdır ki, mövcud paket birmənalı şəkildə Rusiyadan rəd cavabı alacaq və müharibə davam edəcək".
Anar