Dünya 2-04-2026, 14:58

NATO-Amerika münasibətlərindəki gərginlik Ukrayna üçün ağır nəticələrə səbəb olacaq




"İran ətrafında baş verənlər fonunda Amerika ilə NATO arasında yaranan sərinlik ilk növbədə Rusiya-Ukrayna müharibəsinə öz təsirini göstərəcək. Belə ki, Birləşmiş Ştatların Ukraynaya hərbi dəstək verən ANTO və Avropa ölkələrindən İrana qarşı müharibədə dəstək ala bilməməsi Vaşinqtonu adekvat addımlar atmaq məcburiyyətində qoyacaq. Amerikanın Avropa ölkələrinə hərbi yardlmları dayandıracağı istisna edilmir. Heç şübhəsiz ki, bu da istər-istəməz Ukraynanın Rusiyaya qarşı mübarizədə hərbi dəstəkdən məhrum olması deməkdir. Artıq Ukrayna prezidenti Volodimir Zelenski də cəbhə bölgəsində vəziyyətin həddən artıq ağır olduğunu açıq şəkildə etiraf edib".

Bunları Planetinfo.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, ABŞ-ın belə bir addımı strateji cəhətdən səhv olar:

"Çünki belə bir vəziyyətdə Rusiyanın Ukrayna üzərində üstünlüyü daha da artacaq və Moskva müharibədən qalib çıxacaq. Rusiyanın Ukrayna ilə müharibədən qalib ayrılması isə Avropa üçün real təhlükə olacaq. Hətta Rusiya yeni ərazilər ələ keçirmək iddiasına da düşə bilər".

Politoloq əmin olduğunu bildirib ki, NATO baş katibinin gələn həftə baş tutacaq Vaşinqton səfəri zamanı tərəflər uzlaşma əldə etməyə çalışacaqlar:

"Hər halda Avropada buna ümid edirlər ki, Tramp NATO-ya qarşı sərt ritorikadan, hətta ölkəsinin hərbi alyansdan çıxacağı fikrindən daşınacaq".

Anar

Xəbər lenti