Rumıniya Prezidenti Nikuşor Dan, Eujen Tomakı Baş nazir vəzifəsinə təyin edib.
Bu barədə "Digi24" məlumat yayıb.
Dövlət başçısı bildirib ki, parlament Baş nazir İliye Bolojanın hökumətinə etimadsızlıq göstərib və koalisiya partiyaları yeni namizəd barədə razılığa gələ bilmədikləri üçün o, müstəqil namizədi seçib. Nikuşor Danın sözlərinə görə, Tomak bu vəzifə üçün zəruri təcrübəyə və dəyərlərə malikdir.
Eujen Tomak isə ona həvalə edilən bu missiyanı vicdanla yerinə yetirəcəyini və vətəndaşların rifahı üçün çalışacaq peşəkar komanda təklif edəcəyini qeyd edib. Yeni baş nazir büdcəyə məsuliyyətlə yanaşacağını və insanların maraqlarını işinin mərkəzində saxlayacağını vurğulayıb. Mənbənin məlumatına görə, onun hökuməti formalaşdırmaq və parlamentdən etimad səsi almaq üçün 10 günü var.
"Digi24" qeyd edir ki, Milli Liberal Partiya və Rumıniyanın Xilası İttifaqı hökumətdə Sosial Demokrat Partiyasının nümayəndələri olacağı təqdirdə kabineti dəstəkləməyəcəklərini açıqlayıblar.