Gündəm / Dünya Dün, 22:30

Türkiyənin yerli atom saatı kosmosa buraxıldı



Türkiyənin Rubidium Atom Saatı (RAFS) “SpaceX”in “Transporter-17” missiyası çərçivəsində uğurla kosmosa buraxılıb.

Kosmik aparatdan ilk siqnal da uğurla qəbul edilib.

Bu, ölkənin Milli Kosmik Proqramının strateji hədəfləri sırasında yer alan Regional Mövqeləndirmə və Zamanlama Sistemi üçün kritik əhəmiyyət daşıyan addımdır.

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib ki, RAFS Türkiyə Kosmik Agentliyinin rəhbərliyi ilə, TÜBİTAK Milli Metrologiya İnstitutunun (UME) baş podratçılığı, TÜBİTAK UZAY və İTÜNOVA-nın əməkdaşlığı əsasında tamamilə yerli imkanlarla hazırlanıb.

Rubidium atomu bir saniyə ərzində 6 milyard 834 milyon 682 min 610 dəfə titrəyərək zaman ölçülməsi üçün etalon rolunu oynayır. Kub peyki üzərində kosmik şəraitdə sınaqdan keçiriləcək RAFS-dan əldə olunacaq məlumatlar Türkiyənin rabitə, naviqasiya, peyk sistemləri və elmi kosmik missiyalarında istifadə ediləcək yüksək dəqiqlikli zamanlama texnologiyalarının inkişafına töhfə verəcək.

Xəbər lenti