Dünyanın ən sirli xəstəliklərindən biri hesab olunan letargik ensefalit 20-ci əsrin əvvəllərində yarım milyon insanın həyatına son qoyub. 1916-cı ildə Vyanada ilk dəfə Konstantin fon Ekonomo tərəfindən təsvir edilən bu xəstəlik başladığı kimi qəfil də yoxa çıxıb.
Planetinfo.az xəbər verir ki, "yuxu xəstəliyi" kimi tanınan bu bəla qripə bənzər simptomlarla özünü büruzə verirdi. Lakin qısa müddət sonra xəstələrdə ağır nevroloji pozuntular, günlərlə davam edən yuxululuq və bəzən iflic halları müşahidə olunurdu. Ən qorxulu məqam isə bəzi pasiyentlərin yatarkən ətrafda baş verənləri tam dərk etməsi, lakin heç bir reaksiya verə bilməməsi idi.
Xəstəliyin kəskin fazası yoluxanların təxminən 50 faizinin ölümü ilə nəticələnirdi. Sağ qalanlarda isə illər sonra "donmuş vəziyyət" adlandırılan ağır parkinsonizm əlamətləri yaranırdı. Məşhur yazıçı Oliver Saksın "Oyanış" kitabında təsvir etdiyi həmin xəstələr onilliklər boyu hərəkətsiz qalmışdılar.
1927-ci ildə sirli şəkildə yoxa çıxan pandemiyanın səbəbi bu gün də elm aləminə məlum deyil. Alimlər əvvəlcə bunun 1918-ci ildəki ispan qripi ilə bağlı olduğunu düşünsələr də, bu fərziyyə təsdiqini tapmayıb. Hazırda əsas şübhəli kimi enteroviruslar görülsə də, dəqiq cavabın olmaması "xəstəlik yenidən qayıda bilərmi?" sualını açıq qoyur.//Demokrat.az