Gündəm / Dünya Bugün, 19:00

Piton məktəbdə yanğına səbəb oldu - 8 sinif zərər gördü



ABŞ-ın Virciniya ştatında terrariumdan (suda quruda yaşayanlar və sürünənlər üçün yer-red.) qaçan piton orta məktəbdə yanğına səbəb olub.

Hadisə Forest şəhərindəki orta məktəbdə gecə saatlarında baş verib. Yanğınla bağlı siqnal gecə yarısından sonra daxil olub. Hadisə yerinə gələn xilasedicilər yanğınsöndürmə sisteminin artıq işə düşdüyünü müəyyənləşdiriblər.

Onlar məktəbin siniflərindən birində 2,4 metr uzunluğunda piton aşkarlayıblar. Məlum olub ki, ilan terrariumdan özü çıxaraq sinifdə hərəkət edərkən qızdırıcı lampanı aşırıb. Yanğınsöndürənlərin ilkin qənaətinə görə, yanğına məhz həmin lampa səbəb olub.

Yanğın və su ilə söndürmə sisteminin işləməsi nəticəsində məktəbin 8 sinfinə ziyan dəyib. Hadisə zamanı heç kim xəsarət almayıb.

Pitonun özü də bu qeyri-adi hadisədən sağ çıxıb. Böyük ilan təhlükəsiz şəkildə tutulub və müvəqqəti sığınacağa yerləşdirilib. Daha sonra o yenidən terrariuma qaytarılıb.

Xəbər lenti