“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 yanvar tarixində Davos İqtisadi Forumu çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla keçirdiyi görüş, ölkəmizin beynəlxalq siyasi arenadakı artan nüfuzunun və strateji əhəmiyyətinin növbəti bariz göstəricisi oldu. Bu görüş təkcə diplomatik protokol hadisəsi deyil, eyni zamanda Azərbaycanın qlobal siyasi proseslərdə etibarlı və söz sahibi olan dövlət kimi qəbul edildiyinin açıq ifadəsidir”.
Planetinfo.az xəbər verir ki, bunları “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova deyib. O bildirib ki, ABŞ Prezidenti Donald Trampın görüş zamanı cənab İlham Əliyevə nümayiş etdirdiyi açıq hörmət, diqqətli yanaşma və siyasi münasibət forması, dünyanın bir çox dövlət başçılarına münasibətdə nadir hallarda müşahidə olunan xüsusi etimadın göstəricisidir:
“Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti beynəlxalq miqyasda güclü lider, prinsipial tərəfdaş və sözünün çəkisi olan dövlət başçısı kimi qəbul olunur.
Prezident İlham Əliyevin Donald Trampla indiyədək baş tutan bütün görüşlərində ortaya qoyduğu yüksək siyasi savad, uzaqgörənlik və milli maraqlara əsaslanan mövqe Azərbaycanın strateji maraqlarının qorunmasına xidmət etmişdir. O, qlobal güclərlə dialoqda heç vaxt asılı mövqe tutmadan, bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən siyasət yürütmüşdür. Məhz bu prinsipial xətt Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmişdir”.
Susana Məmmədova deyib ki, bu gün Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində ölkəmiz yalnız regionun deyil, qlobal siyasi sistemin də etibarlı iştirakçısına çevrilib:
“Cənab İlham Əliyevin hər bir beynəlxalq görüşü, o cümlədən Donald Trampla Davosda keçirilən bu təmas, Azərbaycanın daha da yüksəlməsinə, beynəlxalq nüfuzunun artmasına və gələcək inkişafının möhkəm təməllər üzərində qurulmasına xidmət edir”.
Anar