"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülh təşəbbüsləri, regional və qlobal miqyasda mövcud olan münaqişələrin həllinin sülh danışıqları yolu ilə həllinə üstünlük verməsi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir, təqdir olunur. Bu mənada dövlət başçısının Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsi təsadüfi deyil. Bu mükafat həm də Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, onun apardığı uğurlu daxili və xarici siyasət kursuna verilən qiymətdir".
Bu fikirləri
Planetinfo.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra, eləcə də Qarabağ probleminin mövcud olduğu illərdə İlham Əliyev hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu ortaya qoyub, rəsmi Bakının mövqeyini açıq şəkildə dünyaya bəyan edib:
"Baxmayaraq ki, İkinci Qarabağ müharibəsində Azərbaycan qalib tərəf oldu və bir qayda olaraq qalib ölkə danışıqlar prosesində hər zaman diqtə edən tərəf olur. Ancaq buna baxmayaraq Azərbaycan lideri yenə də sülhə üstünlük verdiyini nümayiş etdirir. Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində səylər göstərir, təşəbbüslər irəli sürür. Dövlət başçısının sülh təşəbbüslərinin beynəlxalq təşkilatlar, super güclər tərəfindən qəbul edilməsi, ən son keçən ilin avqustunda Ağ Evdə Amerika, Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsinin paraflanmasını imzalaması Ermənistanla tezliklə sülhün əldə edilməsinə zəmin yaradıb. Heç şübhəsiz ki, bütün bunlar da Azərbaycan prezidentinin Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsinə təsir edən amillərdir".
Arzuman Muradlı onu da deyib ki, sözügedən mükafatın verilməsi zamanı həm də təqdim olunan ölkədə dini və multikultural vəziyyət də nəzərə alınır:
"Qeyd edilən istiqamətlərdə Azərbaycanda vəziyyət kifayət qədər yüksək səviyyədədir. Hətta Azərbaycan dini və multikultural sahədə dünyaya nümunə göstəriləcək bir ölkədir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə hər cür şərait yaradılıb. Təkcə məscidlər deyil, eyni zamanda kilsələr, sinaqoqlar zaman-zaman dövlət tərəfindən təmir edilir. Bu qeyd edilən amillər də Azərbaycan Prezidentinin Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsini şərtləndirən amillərdəndir".
Anar