ABŞ–İran münasibətlərində gərginlik azalmaqdansa, mərhələli şəkildə daha təhlükəli fazaya daxil olur. Son proseslər göstərir ki, Vaşinqtonun Tehrana münasibətdə konkret, lakin tam açıqlanmayan strateji planı mövcuddur. Bu planın mərkəzində isə hərbi işğaldan daha çox rejimi daxildən zəiflətmək və hədəfli zərbələrlə idarəedici elitanı sıradan çıxarmaq yanaşması dayanır.
Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın son açıqlamaları bu ehtimalı daha da gücləndirir. Tramp bildirib ki, ABŞ-ın İran yaxınlığında “Venesueladakından daha böyük hərbi donanması” mövcuddur və USS Abraham Lincoln (CVN-72) təyyarədaşıyan gəmisi bölgədə yerləşdirilib. Bu, açıq şəkildə hərbi-psixoloji təzyiq və güc nümayişi strategiyasına işarə edir.
Eyni zamanda Trampın ritorikası ziddiyyətlidir. Bir tərəfdən hərbi mövcudluq gücləndirilir, digər tərəfdən isə diplomatik açıq qapı saxlanılır. ABŞ Prezidenti açıq şəkildə deyib:
“Onlar razılaşmaq istəyirlər. Bunu bilirəm. Dəfələrlə zəng ediblər. Danışmaq istəyirlər.”
Bu açıqlama Trampın hələlik birbaşa genişmiqyaslı müharibəyə tələsmədiyini, lakin hərbi variantı masadan tam çıxarmadığını da göstərir:
"Tramp administrasiyasının əvvəlki Venesuela nümunəsi hazırkı İran siyasətinin konturlarını anlamağa imkan verir. Karakasa qarşı tətbiq edilən model birbaşa işğal yox, hərbi mühasirə, siyasi təcrid, iqtisadi boğma və daxili parçalanma üzərində qurulmuşdu. Görünən odur ki, Vaşinqton bu yanaşmanı İran üçün də uyğun hesab edir.
“Middle East Eye” nəşri etibarlı mənbələrə istinadən yazır ki, ABŞ İranda etirazların yatırılmasına görə məsuliyyət daşıyan yüksək vəzifəli rəsmiləri və hərbi komandirləri hədəf almaq niyyətindədir. Mənbəyə görə, bu zərbələr “hədəfli və məhdud” xarakter daşıyacaq və vaxt faktoru dəyişkən ola bilər.
Adı açıqlanmayan keçmiş ABŞ kəşfiyyat rəsmisi isə daha açıq mövqe sərgiləyir: “Prezident Donald Tramp Tehranda rejim dəyişikliyi arzusundan əl çəkməyib.”
Bu, Vaşinqtonun məqsədinin sadəcə davranış dəyişikliyi deyil, siyasi sistemin transformasiyası olduğunu göstərir".
Nəsimi