Son zamanlar Türkiyə gəmilərinin və təyyarələrinin vurulması, qəzalara uğraması, Gürcüstanda, Qara dənizdə və Ankarada baş verən təxribatlar – bütün bunlar, əlbəttə ki, təsadüfi deyil. Bunlar Türkiyəyə qarşı sistemli və koordinasiyalı şəkildə həyata keçirilən təzyiqin tərkib hissəsi kimi çıxış edən, lakin ayrı-ayrı elementlərdir. Hansı ki, bu proseslərin hədəflərini də açıq şəkildə görmək mümkündür.
Planetinfo.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.
"İlk olaraq qeyd edim ki, (bir neçə gün əvvəl yazdığım kimi) yeni qlobal dünya düzənində Türkiyənin hədəfə alınmasının əsas səbəbi onun Rusiya və Çinlə yaxınlaşması və bu münasibətlərin dərinləşməsi ehtimalıdır ki, bu da ABŞ-ı ciddi şəkildə narahat edir. Söz yox ki, Rusiya–Ukrayna müharibəsi Çinin daha da güclənməsi üçün münbit şərait yaradır və ABŞ-ın əsas rəqibi olan Çinin iqtisadi və loqistik imkanlarının genişlənməsi ABŞ üçün qəbuledilməzdir. Artıq şübhə yoxdur ki, Asiyada, Hind okeanı hövzəsində Çin inkaredilməz liderliyini və özündən iqtisadi asılılığı təmin edib. Çin üçün Avropaya, hətta Afrikaya daha sərfəli çıxış əldə etmək məqsədilə Türkiyə–Rusiya–Çin oxunun formalaşması və funksional vəziyyətə keçirilməsi əsas hədəfdir. ABŞ bütün imkanları ilə Çinə və onun tərəfdaşlarına siyasi-diplomatik və iqtisadi təzyiqlər göstərir, regionda hərbi gərginlik yaradır. Çin–Tayvan, Çin–Yaponiya, formalaşmaqda olan Çin–Hindistan qarşıdurmaları, eləcə də Venesuelaya qarşı ABŞ-ın açıq hərbi təhdidlərinin əsas hədəflərindən biri də məhz Çinin cilovlanmasıdır" - politoloq deyib.
ABŞ-ın Türkiyəyə qarşı açıq mövqe tutmaması, təbii ki, indiki prezident Trampın Türkiyə prezidentinə və ümumilikdə Türkiyəyə olan şəxsi münasibəti, eləcə də ən əsası Rusiya qarşısında aciz vəziyyətə düşmüş NATO-nun Türkiyəyə olan ehtiyacı ilə bağlıdır.
12 dekabrda Aşqabadda Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdən bir gün sonra Qara dənizdə Türkiyəyə məxsus gəminin vurulması və ardınca Rusiyaya məxsus sualtı qayığın sıradan çıxarılması heç də təsadüfi deyildi. Yeri gəlmişkən, Türkiyə XİN başçısı Hakan Fidanın da Aşqabadda Vladimir Putinlə birbaşa danışıqlar aparması diqqətdən kənarda qalmamalıdır. 11 noyabrda Azərbaycanda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş parad tədbirindən qayıdan Türkiyənin hərbi təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması, həmçinin 24 dekabrda Ankaradan Tripoliyə qayıdan Liviyanın Baş Qərargah rəisi və faktiki olaraq dövlətin ən əsas fiqurlarından biri olan Məhəmməd Əli və digər yüksək rütbəli zabitlərin olduğu təyyarənin Ankara səmasında qəzaya uğraması bütünlüklə bir-biri ilə bağlı, əlaqəli proseslər və təzyiq elementləridir. Elə həmin gün Ankarada Türkiyə XİN başçısı Hakan Fidan Hamas nümayəndələrini qəbul etmişdi. Türkiyə ilə Liviya arasında mövcud hərbi və iqtisadi razılaşmalar, eləcə də Suriyada Türkiyənin mövqeyi Ankaranın Aralıq dənizindəki imkanlarını xeyli genişləndirib.
Nəsimi